Mstislav Rostropoviçin xatirəsi yad edilib

Aprelin 27-də L. və M.Rostropoviçlərin ev-muzeyində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində «Dünya vətəndaşı olan Mstislav Rostropoviç öz ifaçılıq sənəti ilə müasir sivilizasiyaların mədəniyyətini birləşdirir» adlı tədbir keçirildi. M.Rostropoviçin vəfatının ildönümünə təsadüf edən tədbirdə maestronun xatirəsi yad edilib.

Tədbiri muzeyin direktoru Şeyla Heydərova açaraq qeyd edib ki, zamanında bir çox ölkələrdən M.Rostropoviçə vətəndaşlıq təklifləri edilsə də, o heç bir təklifi qəbul etməyib. 1978-ci ildə SSRİ vətəndaşlığından çıxarılaraq mühacirətə gedən dünya şöhrətli violonçel ifaçısı və dirijor daha sonra heç bir ölkənin vətəndaşlığını qəbul etməmək qərarına gəlib. Mənşəcə polyak, Litva, alman və rus xalqlarının qarışığı olan sənətkar beynəlmiləl mədəniyyətin nümayəndəsi, dünya vətəndaşı kimi tanınmışdı.
Qeyd olundu ki, Bakıda doğulan musiqiçi ömrünün son illərində Azərbaycanla sıx əlaqə saxlayırdı, Prezident Heydər Əliyevlə çox yaxın dostluq əlaqələri var idi. M.Rostropoviç Azərbaycanın üç ali mükafatına - “Şöhrət” (1998), “İstiqlal” (2002) və “Heydər Əliyev” (2007) ordenlərinə layiq görülüb.
Çıxışının sonunda Ş.Heydərova ulu öndərin M.Rostropoviç haqqında fikirlərini yada salıb: “Siz təkrarolunmaz musiqiçi və böyük humanist kimi öz çoxşaxəli fəaliyyətinizlə bir çox ölkələrin mədəni və ictimai-siyasi həyatına böyük töhfələr verirsiniz. Mədəniyyətlərin və sizilizasiyaların qloballaşma dövrü üçün olduqca aktual olan dialoqu Sizin səyləriniz sayəsində konkret cizgilər kəsb edərək həyatımızın real fenomeninə çevrilmişdir”.
Tədbirdə M.Rostropoviçin yetirməsi, Əməkdar artist Aleksey Miltıx, beynəlxalq və respublika müsabiqələri laureatları Səidə Tağızadə, Ümidə Abbasova və Vurğun Vəkilov konsert proqramı ilə çıxış ediblər. Maestronun həyat və yaradıcılığını, onun Bakı səfərlərini, məşhur siyasi xadimlər və musiqiçilərlə görüşlərini əks etdirən foto-slayd nümayiş olunub.