Musiqinin gözəlliyini, dərinliyini dinləyiciyə çatdırmaq üçün peşəkar ifa əsas şərtdir. Hələ bu ifaçı peşəkar pedaqoq, müəllim olursa, işin məsuliyyəti daha da artır. Öyrətmək öyrənməkdən hər zaman çətin və məsuliyyətli olub. Adil Nəcməddin oğlu Şixəmmədov da belə insanlardandır. 37 ildir klarnet ifaçılığını tədris edən Adil müəllim şagirdlərə sənətin sirlərini sevərək, həvəslə öyrədir.
O, 1955-ci ildə Quba rayonunun Xucbala kəndində anadan olub. İfaçılıq sənətinə uşaq yaşlarından marağı olsa da, bu sənətə bir qədər gec gəlib. 1975-ci illərdə hərbi xidmətini başa vurandan sonra Qusar rayon uşaq musiqi məktəbinə daxil olub. Beşillik təhsili üç ildə tamamlayıb. Musiqi məktəbini müvəffəqiyyətlə bitirərək 1979-cu ildə Sumqayıt şəhər Sultan Hacıbəyov adına orta ixtisas məktəbinin klarnet üzrə qiyabi şöbəsinə daxil olub. Eyni zamanda Quba rayon uşaq musiqi məktəbinə müəllimliyə başlayıb. 1991-ci ildən isə Xaçmaz rayonu Xudat şəhər uşaq musiqi məktəbində pedaqoji fəaliyyət göstərir.
Adil müəllim şagirdlərə sənətin incəliklərini öyrətməklə bərabər, səhnə mədəniyyəti, ədəb-ərkan kimi xüsusiyyətləri də aşılayır. Dərslərini çox səmimi atmosferdə apararaq şagirdlərə milli rəqslərimizin, el havalarımızın, dünya və Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərini həvəslə öyrədir. Kollektivdə, yaşadığı rayonda və şəhərdə qazandığı hörmət, ehtiram onun yüksək mənəvi keyfiyyətlərə malik insan olmasından xəbər verir. 2015-ci ildə Adil müəllim 60 illiyi münasibətilə və səmərəli pedaqoji fəaliyyətinə görə Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən fəxri fərmanla təltif edilib.