Mayın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Tədbiri musiqişünas Nərgiz Kərimova açaraq sənətkarın həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, Zakir Bağırov milli musiqi mədəniyyətimizin zənginləşməsinə mühüm töhfələr verib. Dahi Üzeyir bəydən dərs alan bəstəkar özünü həmişə onun yetirməsi hesab edib.
Qeyd olundu ki, Zakir Cavad oğlu Bağırov 1916-cı il martın 16-da Şuşa şəhərində anadan olub. İlk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının fəhlə fakültəsində alıb. Moskva Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunda təhsilini başa vurduqdan sonra Böyük Vətən müharibəsində cəbhəyə gedib. Müharibədən sonra Moskva Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olub, 1949-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurub.
Görkəmli bəstəkar musiqi xəzinəmizi zənginləşdirən müxtəlif janrlı sanballı əsərlər yazıb. “Qoca Xattabıç”, “Aygün” operaları, “Qayınana”, “Kəndimizin səsi” musiqili komediyaları, bir uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli filmlərə, tamaşalara yazılmış musiqilər və s. onun yaradıcılıq diapazonunun genişliyini göstərir.
“Aygün” bədii televiziya filminin, “Bərəkətli torpaq”, “Sədaqət yolu ilə”, “Təbiətin dostları”, “Bizim Azərbaycan” və digər sənədli filmlərin musiqisi də ona məxsusdur.
Diqqətə çatdırıldı ki, musiqi folklorumuzun toplanması və nota salınması sahəsində də Z.Bağırovun mühüm xidmətləri olub. O, ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah” muğamlarını nota yazıb və çap etdirib. Bəstəkar 1996-cı ildə vəfat edib.
Xatirə tədbirində Niyazi adına 22 nömrəli musiqi məktəbi şagirdlərinin ifasında musiqi nömrələri səsləndirildi.

Savalan