Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli uşaq incəsənət məktəbində Qəmbər Hüseynlinin (1916-1961) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Məktəbin nəzəriyyə şöbəsinin müdiri Zenfirə Bağızadə bəstəkarın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Q.Hüseynlinin "Tellər oynadı", "Qadan alım", "Ay işığında", "Bulağa gəlsin", "Niyə bizə gəlmirsən", "İlk məhəbbətim" və s. mahnıların görkəmli sənətkarların ifasında lent yazıları təqdim olunub.
Sonra məktəbin müəllimlərinin ifasında "Tel nazik", "Nə vaxta qaldı", "Muğana ceyran", "Olan oldu", "İnsafsızsan sən yaman" mahnıları səslənib, xor kollektivi bəstəkarın dillər əzbəri olan "Cücələrim" mahnısı ilə çıxış edib.
Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək, bəstəkar haqqında fikirlərini qonaqlarla bölüşüb, məktəb üzrə keçirilmiş müsabiqənin nəticələrini elan edərək, şagirdləri həvəsləndirici diplom və diplomlarla təltif edib.