Parisdə yaşayan gənc azərbaycanlı pianoçu, caz ifaçısı və bəstəkar Etibar Əsədli Fransanın “Center des Musique Didier” musiqi mərkəzinin caz piano və improvizasiya fakültəsinə qəbul olunub.
Bu barədə açıqlama verən gənc pianoçu həyatının ən böyük uğurlarından birini əldə etdiyini deyib: “Bu, Fransanın caz üzrə ən tanınmış təhsil ocağıdır. Birillik çətin hazırlıq prosesindən sonra caz piano və improvizasiya fakültəsi üzrə ayrılmış iki yerdən birini qazandım. İnanıram ki, Azərbaycan musiqisini beynəlxalq aləmdə layiqincə təmsil edəcəyəm”.
Qeyd edək ki, Etibar Əsədli 1992-ci ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində Ceyhun Allahverdiyevin sinfində təhsil alıb. Bu dövrdə Avropanın bir çox ölkələrində konsertlər verib, müxtəlif festivallarda və layihələrdə iştirak edib. 2008-2013-cü illərdə Bakıda keçirilən caz festivallarına qatılıb. “Rast” qrupu ilə İsveçrədə 48-ci Montre Caz Festivalında iştirak edib.

Fariz Hüseynov