“Kainat” Gənclik Mərkəzi 8-ci Beynəlxalq Uşaq Muğam Festivalının seçim turlarının hazırlıqlarına başlayıb. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, digər qurumların dəstəyi ilə reallaşan ənənəvi festival hər il müxtəlif ölkələrdən gənc və istedadlı ifaçıları bir araya gətirir, muğam sənətinin təbliğinə töhfələr verir.
Növbəti festivalın seçim turlarının keçirilməsi Azərbaycanın müxtəlif rayonlarında, həmçinin Bakı, Sumqayıt və Abşeronda keçirilməsi nəzərdə tutulub. Beynəlmiləl tərkibli münsiflər heyətinin sədri Azərbaycanın Xalq artisti, tarzən Ağasəlim Abdullayevdir. Onun iştirakı ilə səyyar qrup şəklində bölgələrdə aparılan seçim turlarında müvəffəqiyyət qazanmış gənc istedadlar final mərhələsinə vəsiqə qazanacaq. Artıq Təşkilat komitəsinə bir neçə xarici ölkədən iştirak ərizəsi daxil olub. Onların arasında Türkiyə, İraq, Türkmənistan, Misir, Özbəkistan, Tacikistan, İran və Qazaxıstanı qeyd etmək olar.
Hər il olduğu kimi, bu il də festivalın final mərhələsinin və qaliblərin mükafatlandırılması mərasiminin oktyabr ayında Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulur. Ölkəmizin mədəni həyatında öz dəst-xətti ilə seçilən bu layihənin iştirakçı ölkələrinin sayının həmin vaxta qədər artması gözlənilir.

Nərgiz Məmmədzadə