Oktyabrın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi Fərəc Qarayevin kiçik simfonik orkestr üçün yazdığı “1791” serenadası səsləndiriləcək. Bəstəkar Fərəc Qarayevin rəsmi saytında yer alan məlumata görə, əsər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə təqdim ediləcək.
Bəstəkarın 1983-cü ildə yazdığı “1791” serenadası ondan bir il əvvəl böyük simfonik orkestr üçün bəstələdiyi “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadasının variantıdır.
Musiqi tarixi ilə bağlılıq, klassisizm ənənələri Fərəc Qarayevin əsərlərində mühüm yer tutur. Bəstəkar üçün təkcə musiqi tarixinin çoxyarusluluğunu göstərmək deyil, həm də onda özünə yaxın və qiymətli olanı üzə çıxarmaq vacibdir.
“1791” serenadasının premyerası 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) böyük zalında olub. O zaman əsər Rauf Abdullayevin dirijorluğu ilə konservatoriyanın opera studiyasının kamera orkestri tərəfindən təqdim edilib.