İştirakçılar klassik ariyalarla yanaşı, ölməz müğənninin repertuarından mahnılarla da özlərini sınayacaqlar

Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək.
Fondun saytında yer alan məlumata görə, müsabiqənin final konserti oktyabrın 23-də “Crocus City Hall” səhnəsində gerçəkləşəcək.
Konsertdə 12 ölkədən (Rusiya, Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Ukrayna, Xorvatiya) vokalçılar müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqlar.
Gənc vokalçılar həm klassik ariyaları, neopolitan mahnılarını (italyan dilinin Neapol dialektində mahnılar - Canzone Napoletana), həm də estrada janrından, eləcə də Müslüm Maqomayevin repertuarından mahnıları ifa edəcəklər.
SSRİ Xalq artisti Tamara Sinyavskayanın rəhbərliyi altında beynəlxalq münsiflər heyəti vokalçıların ifasını qiymətləndirəcək. Müsabiqə-konsert Moskvanın “Russkaya filarmoniya” simfonik orkestrinin müşayiəti ilə keçiriləcək. Orkestrə Dmitri Yurovski dirijorluq edəcək.