Sentyabrın 29-da Heydər Əliyev Sarayında Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert keçiriləcək.
“Mənim dünyam” adlı konsert proqramında xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Bilal Əliyev, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva və başqaları iştirak edəcəklər. Müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edəcək.
Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib.
Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.