VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının rəngarəng konsert proqramları davam edir

Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan qədim Qəbələ yenidən musiqisevərləri bir araya toplayıb. İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VIII Qəbələ Beynəlxalq Musiqi Festivalına start verilib. Ənənəvi sənət bayramında Azərbaycan, Avstriya, Bolqarıstan, Ukrayna, ABŞ, İspaniya, İsrail, Litva və Kubadan musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Festivalın ilk günü Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan konsert Azərbaycanın tanınmış gənc pianoçu və vokalçılarının çıxışı ilə başlayıb.
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, beynəlxalq müsabiqələrin qalibi və musiqi festivallarının iştirakçısı, pianoçu Tofiq Şıxıyev, simfonik, kamera, vokal və piano üçün əsərlərin müəllifi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev, Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü, pianoçu Vurğun Vəkilov, Bülbül adına Orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, pianoçu Gülər Ağayeva, vokalçılar - Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadə və Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti Taleh Yəhyayevin ifasında F.Şopenin “Fantaziya”, S.Raxmaninovun “Etüd”, A.Skryabinin “Poema”, Niyazinin “Vətən nəğməsi”, M.Maqomayevin “Odlar Yurdu” və digər bəstəkarların əsərləri səsləndirilib.
Sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Görkəmli opera müğənniləri, xalq artistləri, Bakı Musiqi Akademiyasının professorları Fidan və Xuraman Qasımovaların ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edilib. Konserti Xalq artisti, dirijor Teymur Göyçayev idarə edib.
Hər iki proqram musiqisevərlərin böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.

Sərhəd tanımayan musiqi dünyasına birlik hissi bəxş edən bayram

İyulun 30-da festivalın rəsmi açılış mərasimi olub. Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir: “Əziz dostlar!
Qəbələ Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının və qonaqlarının üzünə açır.
Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır.
2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.
Qəbələ artıq tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeridir. Festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilib.
Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir.
Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram”.
* * *
Sonra Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Konsertdə Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Cakomo Puççini, Cüzeppe Verdi və Coakino Rossininin əsərləri səsləndirilib. İfaçılar - Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov və Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin çıxışları alqışlarla qarşılanıb.
Daha sonra festivalın xüsusi qonağı olan bəstəkar və müğənni, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışıb, belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Xalq və bəstəkar musiqilərini səsləndirən Polad Bülbüloğlunu oğlu, gənc dirijor Murtuza Bülbülün idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin konsert

İyulun 31-də VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin konserti keçirilib.
Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılıb. Orkestrin repertuarı çox geniş və rəngarəngdir. “Vayner Akademiya” Kamera Orkestri Jun-Tokusen və Due Disque Beynəlxalq Qran-pri mükafatlarını qazanıb.
“Avstriyanın elm və incəsənətinə xidmətə görə Şöhrət Xaçı”, Praqada V.A.Motsart, Macarıstanda F.List mükafatlarına layiq görülmüş dünya şöhrətli dirijor Martin Heselbökun rəhbərlik etdiyi konsertdə Avstriya və İtaliya bəstəkarlarının əsərləri səsləndirilib. Tanınmış musiqiçilər - Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso) və Maykl Oman (blokfleyta) Avropa bəstəkarlarının klassik əsərlərinin ifası ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Ehtiraslı ispan rəqslərinin hərarəti

Həmin gün açıq havada qurulmuş səhnədə festivalın daha bir qonaq kollektivi - İspaniyanın “Kastro Romero Flamenko” ansamblının möhtəşəm konserti olub.
Tanınmış xoreoqraf Kastro Romeronun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və yüksək keyfiyyətə malik teatr tamaşalarını təqdim edib. İspaniyada ən tanınmış flamenko rəqqasları və xoreoqraflardan ibarət qrupu olan “Kastro Romero Flamenko”nun üzvləri dünyanın ən nüfuzlu səhnələrinin baş rəqqasları kimi şöhrət qazanıblar və beynəlxalq mükafatlara layiq görülüblər.
Maraqlı performanslarını tamaşaçılara təqdim edən Joze Maria Uriarte (zərb alətləri), Joze Maria Romero (rəqqas), Rikardo Kastro Romero (rəqqas), Karmen Maria İglesias Siles (rəqqasə), Daniel Yague İnglada (gitara), Alberto Funes Arjona (vokal), Rosario Kastro Romero (rəqqasə) və Kristal Munoz Jimenezin (rəqqasə) ifası böyük marağa səbəb olub. Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub. Yüksək ifa tərzi ilə dünyada tanınan “Kastro Romero Flamenko” ansamblı tamaşaçıların sürəkli alqışlarını qazanıb.
* * *
Avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində növbəti kamera konserti olub. Konsertdə tanınmış pianoçular - festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə bəstəkarlar İ.Brams, R.Şuman, A.Rzayev və R.Ağababayevin əsərlərini səsləndiriblər.
Konsertdə festivalın bədii rəhbəri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski və İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, tanınmış violin ifaçısı Janna Qandelman iştirak ediblər.

Klassik musiqi proqramlarından sonra unudulmaz muğam axşamı

Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir.
Yerli və xarici musiqisevərlər avqustun 1-də açıq havada keçirilən muğam axşamını həvəslə gözləyirdilər. Konsertə böyük tamaşaçı marağı olduğu üçün Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnənin önünə əlavə oturacaqlar da yerləşdirilmişdi.
Tamaşaçılara unudulmaz musiqi bayramı yaşadan konsertdə xanəndələr - Heydər Əliyev Fondunun təşkil etdiyi II Respublika Televiziya Muğam Müsabiqəsinin qalibi Güllü Muradovanın və I Respublika Televiziya Muğam Müsabiqəsinin diplomantı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədovun çıxışları böyük marağa səbəb olub.
Muğam ifaçılarını tarda əməkdar artistlər Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, qanunda Çinarə Heydərova, həmçinin nağarada Emin Cəbrayılov, balabanda Fəqan Ələsgərov, udda Şəfa Kərimov müşayiət edib. İki saat davam edən konsert alqışlarla başa çatıb.

* * *
Qeyd edək ki, VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının rəngarəng konsert proqramları avqustun 5-dək davam edəcək. Avqustun 2-də festival çərçivəsində pianoçuların beynəlxalq müsabiqəsi də start götürüb. Müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Malekidir. Müsabiqədə I, II və III yeri tutan pianoçular müvafiq olaraq 5 min, 3 min və 2 min dollar məbləğində mükafat qazanacaqlar.