Rusiya Federasiyası Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində “Olonxo torpağında UNESCO şedevrləri ilə görüş” adlı üçüncü beynəlxalq festival keçirilib. VI beynəlxalq “Asiya uşaqları” idman oyunlarının mədəni proqramı çərçivəsində təşkil olunan ənənəvi festivalda ölkəmizi Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadə təmsil edib.

Səfər təəssüratlarını bizimlə bölüşən tarzən bildirdi ki, festivala UNESCO-nun irs siyahılarında təmsil olunan ölkələrin mədəniyyət və incəsənət adamları qatılıb: “Bizim tar və muğam sənətimiz də bu siyahıya daxil edildiyi üçün Yakutiya Filarmoniyasının direktoru tərəfindən “Symphonica ARTica” simfonik orkestri ilə birgə çıxış məqsədilə Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliyinə məktubla müraciət olunmuşdu. Mən də festivalda iştirak təklifini məmnunluqla qəbul etdim. Aprel ayında orkestrə Hacı Xanməmmədovun “Tar və simfonik orkestr üçün 2 saylı konsert”, Səid Rüstəmovun “Oxu, tar”, Fərhad Bədəlbəylinin “Şuşa”, Aqşin Əlizadənin “Cəngi”, Həmid Vəkilovun “Şıdırğı” və “Çılğın rəqs”, Həsən Rzayevin “Çahargah rapsodiyası”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Azərbaycan xalq mahnısı “Sarı gəlin”, “Xaric segah” muğamı və s. əsərlərdən ibarət proqram göndərdim”.
Sahib Paşazadə iyulun 5-də festivalın açılış mərasimində “Çahargah” muğamı ilə çıxış edib. Konsertdən sonra çoxsaylı izləyicilər ifaçıya yaxınlaşıb tar aləti ilə maraqlanıblar. Tarzən iyulun 7-də festival çərçivəsində Natalya Bazalevanın rəhbərlik etdiyi “Symphonica ARTica” orkestri ilə birlikdə “Qədim tarın sehri” adlı solo konsert proqramı ilə çıxış edib. İki saat yarım davam edən konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb, o, yenidən səhnəyə dəvət olunub və yenə “Çahargah” muğamını səsləndirib.
Gənc musiqiçi uğurlu çıxışına görə Yakutiya Dövlət Televiziyasına dəvət edilib və Azərbaycan muğamı, tar aləti haqqında fikirlərini yerli tamaşaçılarla bölüşüb. Ayın 8-də Yakutiya Dövlət Gənc Tamaşaçılar Teatrında tarzənlə yaradıcılıq görüşü və ustad dərsləri təşkil edilib. Ustad dərsləri zamanı muğam və tar aləti, Üzeyir Hacıbəyli və Azərbaycan musiqisi haqqında mühazirələr canlı ifa ilə müşayiət olunub.
İyulun 10-da festivalın bağlanış mərasimində Sahib Paşazadə tarda rus xalq mahnılarından bir neçəsinin sintezindən ibarət musiqi kompozisiyası təqdim edib. Bu çıxış da böyük alqışlarla qarşılanıb. Yerli mətbuatda konsert haqqında gedən məqalələrdə “Azərbaycan tarı Yakutiyanı fəth etdi” başlıqlı yazılar işıq üzü görüb. Əməkdar artist vətənə festivalın 5 fəxri diplomu ilə qayıdıb.
Qeyd edək ki, bu il Sahib Paşazadə üçün yaradıcılıq baxımından uğurlu olub. O, fevralın 22-dən martın 19-dək qədər Xalq artisti Fərhad Bədəlbəyli ilə birlikdə ABŞ-ın 17 ştatında konsert proqramı ilə çıxış edib. Həmçinin dirijor Dmitri Yablonskinin rəhbərliyi altında Yerusəlim Simfonik Orkestri ilə bir səhnəni bölüşüb. Konsertdə Sergey Prokofyevin fortepiano və orkestr üçün 1 saylı konserti və Aleksandr Çaykovskinin "Xocalı" matəm musiqisi ifa olunub. Tarzən həmçinin aprel ayında Türkiyədə Avrasiya Konqresində, mayda Norveçdə çoxmillətli ölkələr festivalında Azərbaycan Dövlət Rəqs Ansamblı ilə birlikdə, iyulda isə İranda Əli Səliminin yaradıcılığına həsr olunan konsertlərdə çıxış edib.

Lalə Azəri