Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Retro Bakı” layihəsinin konsertləri davam edir.
İdarədən bildirilib ki, ötən həftəsonu təşkil edilən konsertdə tanınmış müğənni Yaqut Babayeva, gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, “İstedad” instrumental ansamblı və “Azad” rəqs qrupu rəngarəng ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.
Oktyabr ayınadək davam edəcək layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaq və paytaxt sakinlərinin asudə vaxtının səmərəli keçməsinə nail olmaqdır. Layihə çərçivəsində hər şənbə və bazar günü axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları təşkil olunur.