“Kiyev virtuozları” orkestri Balakən, Zaqatala, Qax və Şəkidə çıxış edib

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan Ukraynanın “Kiyev virtuozları” kamera orkestri 8-11 avqust tarixində respublikamızın şimal-qərb bölgəsində konsert turuna çıxıb.
Kollektiv ilk olaraq avqustun 8-də Balakən rayon Mədəniyyət mərkəzində çıxış edib. Orkestrin musiqi rəhbəri, Yerusəlim Simfonik Orkestrinin dirijoru, məşhur violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertdə Avropa bəstəkarları V.A.Motsart, J.Bize, P.Çaykovskinin əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarından Qara Qarayev, Niyazi, Fikrət Əmirovun əsərləri səsləndirilib. Skripkada İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelman və gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Aytac Şıxəlizadənin ifası tamaşaçılar tərəfindən davamlı alqışlarla müşayiət olunub.
* * *
“Kiyev virtuozları”nın növbəti səyyar konserti Zaqatala şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilib. Konserti sakinlərlə yanaşı, şəhərin qonaqları da izləyiblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə uğurla keçən Qəbələ festivalının respublikamızın mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayaraq, musiqi bayramının konsertlərindən birinin Zaqatalada təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.
Festivalın bədii rəhbəri, “Kiyev virtuozları” kamera orkestrinin musiqi rəhbəri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsert F.Əmirovun “Nizami” simfoniyasından “final”, V.A.Motsartın “Skripka və kamera orkestri üçün 5 saylı konsert”, P.Çaykovskinin “Florensiya xatirələri”, Q.Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar səsləndirilib.
* * *
Ukrayna orkestri səfərin üçüncü günü Qaxdakı “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində yerli musiqisevərlər və rayonun qonaqları qarşısında çıxış edib.
İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev kollektivi salamlayaraq bildirib ki, artıq dörd ildir Qax şəhərinin bu tarixi məkanında tanınmış musiqi kollektivləri çıxış edir və ikinci ildir ki, “Kiyev virtuozları” kamera orkestri rayonun qonağı olur.
F.Əmirov, V.A.Motsart, P.Çaykovski və Q.Qarayevin musiqilərindən ibarət konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

* * *
“Kiyev virtuozları” orkestrinin konsert turu Şəkidə yekunlaşıb. Şəhərdəki Yay teatrında keçirilən konsertdən öncə İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəkinin artıq festivallar şəhəri kimi tanındığını diqqətə çatdırıb. Qeyd olunub ki, 2016-cı ildə Şəki artıq iki beynəlxalq festivala, həmçinin bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. Sentyabrda Şəkidə beynəlxalq teatr festivalının keçirilməsi nəzərdə tutulur. Kollektivin rəhbərinə Şəki ilə bağlı xatirə hədiyyəsi təqdim olunub.
Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.