Sentyabrın 24-də Heydər Əliyev Sarayında “Baku Sinfonietta” orkestrinin iştirakı ilə “Brodvey gecə şousu” (“Broadway Night Show”) adlı konsert keçirilib.
Konsertdə tamaşaçılara sevilən Walt Disney musiqiləri təqdim olunub. Hər yaş dövründən tamaşaçılar üçün maraqlı və baxımlı olan “Aslan Kral” (“The Lion King”), “Cəngəlliklər kitabı” (“The Jungle Book”), “Gözəl və Bədheybət” (“Beauty and the Beast”), “Su pərisi” (“The Little Mermaid”), “Pinokkio” və s. məşhur Walt Disney cizgi filmlərindən kompozisiyalar səsləndirilib.
Qeyd edək ki, “Baku Sinfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.
Konsertdə, həmçinin Əməkdar artist İsfar Sarabski, “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova və Diana Hacıyeva iştirak ediblər.