Nyu-Yorkun “Medison Square Garden” arenasında “MTV Video Awards 2016” mükafatı qaliblərinin elan olunması və mükafatlandırılması mərasimi keçirilib. Gecənin aparıcı ulduzları Beyons və Rihanna olub. Rihanna mərasimin açılışını edərək mərasim boyu öz mahnılarını ifa edib.
Beyonsun “Formation” mahnısına çəkilmiş videoklip isə mükafatın bütün nominasiyalarında qalib gəlib. Onun səhnə rəqibi sayılan ingiltərəli Adel “Hello” bəstəsilə çoxsaylı tamaşaçıların səsini qazansa da, bu, qalibiyyət üçün yetərli olmayıb.
İlin ən nüfuzlu videosu nominasiyasında Beyonsla yanaşı kanadalı rep ifaçısı Dreykin “Hotline Bling”, Castin Biberin “Sorry” və amerikalı reper Kanye Vestin “Famous” mahnılarına çəkilmiş videokliplər təqdim olunub. Beyons həmçinin “Ən yaxşı video ifaçı” nominasiyasında mükafat alıb. Ümumilikdə Beyons 8 nominasiya üzrə mükafat qazanıb. “Formation” klipi texniki kateqoriyalar üzrə - rejissorluq, xareoqrafiya, montaj və operator işinə görə birinci olub.
MTV mükafatlarına kişi namizədlər də layiq görülüb. “Ən yaxşı rok-video” nominasiyasında Twenty One Pilots duetinin “Heathens” klipi, “Ən yaxşı hip-hop video” nominasiyasında “Hotline Bling” bəstəsilə Dreyk mükafat qazanıb.

İlona