Oktyabrın 2-də İstanbulda 15 iyul dövlət çevrilişi cəhdi zamanı şəhid olanların xatirəsinə həsr edilmiş musiqi axşamı keçirilib. Gecəyə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, sabiq baş nazir Əhməd Davudoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Kadir Topbaş, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə parlamentinin üzvləri, eləcə də şəhid ailələri və yaxınları qatılıb.
TRT 1 ilə canlı yayımlanan konsert proqramında Azərbaycandan muğam üçlüyü - əməkdar artistlər Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar) və Toğrul Əsədullayev (kamança) da iştirak edib. Gecədə Türkiyənin ən tanınmış sənətçiləri çıxış edib, ümumilikdə 25 musiqi parçası səslənib.
Azərbaycan təmsilçiləri musiqisi Şəfiqə Axundovaya məxsus olan “Həsrətindən” mahnısını ifa ediblər. Musiqiçilərimizin çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, muğam üçlüyü İstanbuldakı konsertdə Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə iştirak edib.

Lalə