Bakı Xoreoqrafiya Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin irsi və 18 sentyabr - Milli musiqi günü ilə bağlı silsilə tədbirlər keçirilib. Bir həftə ərzində akademiyanın bütün təhsil pillələrində bəstəkara həsr olunmuş açıq dərslər keçirilib, mühazirələr oxunub.
Sentyabrın 27-də akademiyanın akt zalında “Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı” mövzusunda seminar keçirilib. Akademiyanın müəllimi, musiqişünas Rəhimə Hüseynova mövzu ilə bağlı çıxış edib, görkəmli şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən foto və videomateriallar nümayiş etdirilib.
Ayın 28-də akademiyanın kiçik zalında “Hacıbəyovlar nəslinin parlaq ulduzları” adlı konsert proqramı təqdim edilib. Akademiyanın müəllim-konsertmeysteri Lalə Hüseynli bu böyük nəslin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına nəzər salıb. Professor Ülviyyə Hacıbəyova təmsil etdiyi nəsil barədə danışıb, Üzeyir Hacıbəyli, Niyazi, İsmayıl Hacıbəyov və digər bəstəkarların əsərlərini fortepianoda ifa edib.
Bakı Xoreoqrafiya Akademiyasının böyük zalında “Səhnədə yaşayan Üzeyir irsi” xoreoqrafik kompozisiya nümayiş olunub. Xalq artisti Yusif Qasımovun quruluş verdiyi, akademiya tələbələrinin yer aldığı kompozisiyada BXA-nın magistrantı, Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I Beynəlxalq müsabiqənin qalibi Cəmilə Kərimova da çıxış edib.