Bəstəkar və müğənni Emin dekabr ayında pərəstişkarları üçün növbəti sürpriz hazırlayıb. Onun Moskva, Sankt-Peterburq və Bakıdakı ənənəvi solo konsertlərinin xüsusi qonağı əfsanəvi musiqi prodüseri, 16 dəfə “Qremmi” mükafatı qazanmış Devid Foster olacaq. Bu barədə müğənninin saytında xəbər verilir.
Devid Foster “Qremmi” mükafatına rekord sayda - 47 dəfə namizəd olub. O, Uitni Hyuston, Selin Dion, Toni Braxton, Madonna, Maykl Cekson və başqa dünya ulduzları ilə birgə işləyib.
Emin və Devid Foster bir səhnədə artıq ikinci dəfə görüşəcəklər. Bu yay Sankt-Peterburqda məşhur prodüserin müşayiəti altında keçirilən konsertdə Emin rusiyalı ulduzları Ani Lorak və Polina Qaqarina ilə duet oxuyub.
Noyabrda Eminin ingilis dilində “Love is deadly game” (“Sevgi ölümcül oyundur”) adlı yeni albomu işıq üzü görəcək. Albomdakı bir neçə musiqinin prodüseri Devid Fosterdir.
Albomun təqdimatı müğənninin dekabr konsertlərində keçiriləcək. Bakı konserti 7 dekabrda Heydər Əliyev Sarayında baş tutacaq.

İlona Qubadova