Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Baku Chamber Orchestra” gənclər kamera orkestri Almaniyanın Volfratshausen, Münxen, Fürstenfeldburk şəhərlərində konsert proqramı ilə çıxış edib.
BMA-dan bildirilib ki, səfər “Baku Chamber Orchestra” və Almaniyanın “Neue Philharmonie München” orkestrlərinin baş dirijoru Fuad İbrahimovun layihəsi əsasında gerçəkləşib. Konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının nəzdində “Baku Chamber Orchestra” gənclər kamera orkestri 2011-ci ildə fəaliyyətə başlayıb. Orkestr Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika, Almaniya və başqa ölkələrdə konsert proqramları ilə çıxış edib, mükafatlara layiq görülüb.
Almaniyanın “Neue Philharmonie München” orkestri 10 ildən artıqdır fəaliyyət göstərir və dünyanın bir çox ölkələrində böyük konsertlərlə çıxış edib. Orkestrin heyətinə 14 ölkəni təmsil edən ifaçılar daxildir.