Səkkizinci dəfə keçirilən beynəlxalq festivala səkkiz ölkədən ifaçılar qatılmışdı

Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində VIII Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi və qaliblərin mükafatlandırma mərasimi keçirildi. Mədəniyyət və Turizm, Gənclər və İdman, Xarici İşlər nazirliklərinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi festivala bu dəfə də müxtəlif ölkələrdən gənc ifaçılar qatılmışdı.

Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə festival barədə ətraflı məlumat verdi. Bildirdi ki, beynəlxalq festival 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır və bu formatda artıq səkkizinci dəfə təşkil olunur. Vurğulandı ki, belə layihələr uşaqların gələcək inkişafına müsbət təsir göstərir. Builki festivala da maraq yüksəkdir. Festivala səkkiz ölkə - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, İran, İraq, Misir və Tacikistanı təmsil edən musiqiçilər qatılıb.
Rahib Rəsulzadə diqqətə çatdırdı ki, festival çərçivəsində keçirilən ifaçılıq yarışmasının son seçim turu oktyabrın 13-də keçirilib. Bu tura qatılan 27 iştirakçıdan 15-i finala vəsiqə qazanıb. Xaricdən gələn gənc istedadlarla yanaşı, həmin ölkəni bir mütəxəssis də təmsil edir və o, eyni zamanda beynəlmiləl tərkibli münsiflər heyətinin üzvüdür. Münsiflər heyətinin sədri Xalq artisti, professor Ağasəlim Abdullayevdir. Finalçılar münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazirliyin “Kainat” Gənclik Mərkəzi ilə birgə həyata keçirdiyi layihələr - islam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsi və uşaq muğam festivalı barədə danışdı, hər iki layihənin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirdi.
Azərbaycanda muğam sənətinə göstərilən diqqət və qayğıdan danışan nazir müavini Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə təşkil edilən beynəlxalq muğam festivallarını, həmçinin muğam televiziya müsabiqələrini xüsusi qeyd etdi.
Sonra iştirakçıların çıxışları dinlənildi. İfaçıları Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblı müşayiət edirdi.
Yekun konsert başa çatdıqdan sonra qaliblər elan edildi. Festivalın baş mükafatına (Qran-pri) azərbaycanlı iştirakçı Asunda Səlimli layiq görüldü. Birinci yer Özbəkistan təmsilçisi Roziyaxon Komiljonova, ikinci yer Azərbaycandan Romal Abdullayevə və Tacikistandan Abdukahor Qafforova verildi. Üçüncü yerə qazaxıstanlı Malika Aldamjarova, Türkiyədən Sezer Nayci, İrandan Sasan Alizadə və iraqlı Nozad Vasim Jan layiq görüldü. Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verildi. Daha yeddi nəfər iştirakçıya isə həvəsləndirici mükafat təqdim olundu.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan təmsilçisi Gulnoza Qaforiyə “Repertuarına Azərbaycan muğamından parça daxil etdiyinə görə” xüsusi diplom və hədiyyə təqdim olundu. Festivalın finalına qatılan bütün ifaçılara diplomlar verildi. Eyni zamanda festivalın beynəlmiləl tərkibli münsiflər heyətinin hər bir üzvünə Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin mükafatları təqdim olundu.

F.Hüseynov