Oktyabrın 22-dən 30-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçiriləcək. Ənənəvi festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulub. Həmçinin, Azərbaycanın caz ifaçıları və kollektivləri konsert proqramları ilə çıxış edəcək.
Festivalın açılışını 22 oktyabrda Beynəlxalq Muğam Mərkəzində Qabriel Qrossinin triosu edəcək. Məşhur virtuozun konserti caz həvəskarlarına unudulmaz bir axşam bəxş edəcək.
Ümumilikdə festival çərçivəsində 60-a yaxın konsert proqramı təqdim olunacaq. Konsertlər Heydər Əliyev Mərkəzində, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Kamera və Orqan Musiqisi Zalında, eləcə də paytaxtın musiqi klublarında keçiriləcək. Festival günlərində tanınmış cazmenlərin ustad dərsləri, sərgi, caz kino həftəsi də təşkil ediləcək.