Oktyabrın 22-23-də Moskvada Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsi keçiriləcək. Müsabiqə iştirakçıları arasında Azərbaycanın iki nümayəndəsi var. Onlar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, “ÜNS” Yaradıcılıq Səhnəsinin solisti İlham Nəzərov (kontrtenor) və Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynlidir (bariton).
“Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin Azərbaycandan olan iştirakçılarının maraqlı, mənim üçün çox gözlənilməz olan repertuarı, fikrimcə, sizin üçün də sürpriz olacaq”. Bu sözləri SSRİ Xalq artisti, müsabiqənin münsiflər heyətinin sədri Tamara Sinyavskaya Moskvada mətbuat konfransında söyləyib.
O qeyd edib ki, müsabiqənin laureatları adı uğrunda 12 ölkədən - Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan olan 19 iştirakçı mübarizə aparacaq. Gənc artistlər məşhur klassik ariyalar, neopolitan mahnıları və estrada əsərlərini ifa edəcəklər.
Builki müsabiqənin münsiflər heyətinin tərkibinə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, Moskvadakı “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, San-Karlo (İtaliya) Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər daxildir.