Gülər Əhmədova: "Aparıcılıq haqqı olmayanlar efirdən uzaqlaşdırılmalıdır"

Elçin Əlibəyli: "Azərbaycanda televiziya akademiyası yoxdur"

Yanvarın 15-də Azərbaycan Media Mərkəzində telekanallarda nümayiş olunan mənəvi dəyərlərə zidd, bayağı verilişlərə dair debat keçirildi. Debatda spiker qismində millət vəkili, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova və Beynəlxalq Teleradio Akademiyasının Azərbaycan üzrə təmsilçisi, ATV telekanalının bədii rəhbəri, "El içində" verilişinin müəllifi Elçin Əlibəyli iştirak edirdi.

Debatın moderatoru Çingiz Sultansoy bildirdi ki, tədbirin keçirilməsinə mövzunun aktuallığı səbəb olub: "Azərbaycanda yəqin ki, televiziya olandan bəri bəzi verilişlərin səviyyəsizliyi barədə söz-söhbətlər var, lakin deputat Gülər Əhmədovanın Milli Məclisdən "gənclərin əxlaqına təsir edən səviyyəsiz verilişlərin baş alıb getməsi" ittihamından sonra bu mövzunun müzakirəyə çıxarılmasına ehtiyac duyduq. Bu fikir böyük rezonans doğurdu, bir qrup incəsənət nümayəndələri də bayağı verilişlərə dair kampaniya yaradılmasına tərəfdar çıxdı, lakin bu fikirlərə etiraz edənlər də var. Ona görə qərara gəldik ki, debat keçirək".


Reqlamentə uyğun olaraq spikerlərə ilk üç dəqiqədə çıxış üçün söz verildi. G.Əhmədova çıxışdan imtina etdi.


Deputatların irəli sürdüyü fikri təqdirəlayiq hesab edən Elçin Əlibəyli isə bildirdi ki, mövzu kifayət qədər geniş müzakirə olunmalıdır: "Vaxtilə Azərbaycan Dövlət Televiziyası, sadəcə olaraq, ideoloji təbliğat vasitəsi kimi yaradılmışdı. Amma bu müddətdə Azərbaycanda televiziyalara böyük ehtiyac yaranıb, belə olmasaydı, hər birimizin evimizin küncündə televizor dayanmazdı. Doğrudur, biz telekanalların fəaliyyətilə bağlı səhvlər buraxmışıq, lakin danılmaz faktdır ki, bu gün televiziyalarda kadr çatışmazlığı var, Azərbaycanda televiziya akademiyası yoxdur. Gülər xanım, əxlaqa zidd verilişlər dedikdə hansı verilişləri nəzərdə tutursunuz? Gözümüzdən qaçan məqamlar varsa buyurub müzakirə edək".


Gülər Əhmədova: "Əxlaqın fəlsəfi, psixoloji anlamı ilə yanaşı, bir məişət anlamı da var. Yunqun belə bir fikrinə diqqət çəkmək istərdim: "İstənilən xalqın psixi sağlamlığı xalqın ənənəsinə uyğun davranışdır". Əlbəttə ki, bu qloballaşan dünyada heç kim qılafında qala bilməz. Lakin bizim öz mənəvi dəyərlərimiz var, televiziyalar bu dəyərlərin qorunmasına xidmət etməlidir. Mənim təklifim budur ki, televiziya kimi əsas təbliğat vasitəsindən xalqımızın xeyrinə istifadə edək. Bu, çox vacib məsələdir, biz bu məsələyə övladımıza göstərdiyimiz qayğı qədər həssas yanaşmalıyıq".


Day.az saytının əməkdaşı Vüqar Vüqarlı: "Gülər xanım, konkret olaraq hansı verilişləri nəzərdə tutmusuz?  


G.Əhmədova: "Təəssüf ki, mən sizi məyus edəcəm. Mən şou adamı deyiləm, siyasətçiyəm. Konkret ad çəkməkdən söhbət getmir. Mən müşahidə və araşdırmalarımdan sonra bu qənaətə gəldim ki, hansısa ölkəni işğal etmək üçün ora tank yeritmək lazım deyilmiş, dinindən, dilindən ayırmaq lazım deyilmiş, sadəcə olaraq, onun düşünən beynini məşğul etmək, başını qatmaq lazımdır. Mən təklif edirəm ki, verilişlər səmərəli olsun".


Jurnalist İlhamiyyə Rzayeva: "Mən özümü televiziya tənqidçisi kimi də təqdim edə bilərəm. Gülər xanım, Azərbaycan teleməkanının itirdiyi böyük tamaşaçı auditoriyasını inandıra bilərsinizmi ki, bu gün telekanallarda hansısa yaxşı verilişlər nümayiş olunur?" 


G.Əhmədova: "Televiziya tənqidçisi kimi sizə tövsiyə edərdim ki, bizim verilişlərə baxasınız. Mən sizdən fərqli olaraq bəzi verilişləri məmnuniyyətlə izləyirəm, hətta vaxtım çatmayanda o verilişləri lentə aldırıb, sonra baxıram. Amma təəssüf ki, nə kinoların, nə də verilişlərin adları mənim heç vaxt yadımda qalmır. Mən gənclər arasında sorğu keçirdim, gənc qızlar bu gün çox məşhur olan bir müğənniyə bənzəmək istədiklərini bildirdilər, bu çox ağrıdıcı faktdır.


Mən mətbuat vasitəsilə telekanal rəhbərlərindən xahiş edirəm, bu gün barmaqla sayılacaq qədər peşəkarlıq səviyyəsi olan teleaparıcıların sosial güzəranı yaxşılaşdırılsın, nəinki xalq artisti adını alıb kiməsə əxlaq dərsi keçən və bu keyfiyyətlərdən xəbərsiz bir müğənni efirə çıxarılsın. Müğənni oxumalıdır. Yaxud da ki, düşüncəsi sağlam adam efirə çıxmalıdır. Müğənni depressiya vəziyyətdə çıxıb xalqa mənfi emosiyalarını sırımamalıdır".


Hacı İlqar İbrahimoğlu: "Əvvəlcə deyim ki, qadağaların dinlə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Elçin bəy, verilişlərin reytinq dərəcəsiylə bağlı monitorinq aparırsızsa, neçə faiz milli-mənəvi dəyərlərə dair verilişlərin payına düşür?"


E.Əlibəyli: "ATV telekanalında milli-mənəvi dəyərlərə zidd veriliş yoxdur. Televiziyaların 7 əsas funksiyası var və biz bunlardan kənara çıxmırıq. 8 ildir bu telekanal yaradılıb və kommersiya telekanalı olaraq yaranan gündən sənaye insanını aqressiyalardan, streslərdən, yorğunluqdan qorumaq yolunu tutub. Amma dövlət televiziyası və İctimai Televiziya da var. Pult əlində olan tamaşaçı hansı telekanala istəyir baxa bilər".


Debatın şərhlər bölümündə Həmid Herisçi çıxış edərək bildirdi ki, şou-biznesə televiziyalarda birdəfəlik qadağa qoyulmalıdır: "Biz millət olaraq soyuq müharibənin qurbanlarıyıq. Mən bu məsələni ciddi araşdırmışam, şou-biznes psixoloji silahdır, xarici düşmənlər tərəfindən maliyyələşdirilir və 60 deputat öz elektoratından istifadə edib bu verilişlərin yayımının dayandırılmasını qanuni şəkildə tələb etməlidir".


“Vahid” Poeziya Evinin rəhbəri Hacı Rafiq: "İndi qadağalar dövrü deyil. Kəlama qarşı kəlamla cavab verilməlidir. Belə müzakirələr çox keçirilməlidir. Bu verilişləri hazırlayanların səviyyəsi yüksəldilməlidir".
Kamran Həsənli: "Təxminən burada hamı eyni sözü deyir. Televiziyalar vasitəsilə milli mənəviyyatımızı məhv etmək problemi yaşanır və özümüz də bilmədən bu prosesdə iştirak edirik. Dəxli yoxdur, şou veriliş olsun, siyasi veriliş olsun, əsas olan odur ki, biz öz sözümüzü faydalı şəkildə deyə bilək. Əgər mənim verilişimin reytinqi yüksəkdirsə, bu mənim günahım deyil".


G.Əhmədova: "Elçin Əlibəyli dedi ki, Azərbaycanda televiziya akademiyası yoxdur. Elçin müəllim, siz beynəlxalq akademiyanın həqiqi üzvüsünüz, yaradın də. Digər tərəfdən, mən şounun əleyhinə deyiləm. ATV telekanalının əyləncə telekanalı olması o demək deyil ki, səviyyəsiz verilişlər nümayiş olunsun, siz kabel telekanalı deyilsiz".
E.Əlibəyli: "Siz bu qədər müzakirələr boyu konkret bir verilişin adını çəkmədiniz. ATV qeyri-etik, qeyri-əxlaqi heç nəyi təbliğ etmir. Mən hesab edirəm ki, İranın "Səhər" proqramına baxmaqdansa, öz tamaşaçımız nə qədər qeyri-etik olsa da öz əyləncəli verilişlərimizə baxsa daha yaxşı olar".


G.Əhmədova: "Xahiş edirəm, mentor tonla danışmayın. Bir çox məsələlər var ki, siz özünüz də bilmədən xalqa ziyan vurursuz. Siz bədii rəhbərsizsə, aparıcılıq haqqı olmayan aparıcıları efirlərdən yığışdırın. Həmçinin başqa telekanallarda da bu, tətbiq olunmalıdır".

Fəxriyyə ABDULLAYEVA