Oktyabrın 22-23-də Moskvada Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsi keçirilib. 2010-cu ildən (iki ildə bir dəfə) keçirilən ənənəvi müsabiqədə iştirakçılar (20-35 yaş arası) Müslüm Maqomayevin repertuarından mahnılar, populyar ariya və estrada kompozisiyaları ifa edirlər.

SSRİ Xalq artisti, professor, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın sədrlik etdiyi münsiflər heyətində Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Moskvadakı “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, San-Karlo (İtaliya) Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər yer alıb.
Müsabiqənin laureatları adı uğrunda 12 ölkədən - Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan 19 iştirakçı mübarizə aparıb.
Beynəlxalq münsiflər heyətinin qərarına əsasən Qran-pri mükafatına Rusiya nümayəndəsi Vasilisa Berjanskaya layiq görülüb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və “ÜNS” Yaradıcılıq Səhnəsinin solisti İlham Nəzərov müsabiqədə birinci yeri tutub. İkinci yerə də Azərbaycan təmsilçisi - beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli layiq görülüb. Üçüncü yeri Monqolustan təmsilçisi tutub.
Müsabiqənin şərtlərinə görə, Qran-pri mükafatçısına 30 min, birinci yerə 25, ikinci yerə 15, üçüncü yerə isə 10 min dollar məbləğində mükafat verilir.