Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində caz festivalı çərçivəsində keçirilən "İ am jazzman!" müsabiqəsinin final konserti oldu.

Əməkdar incəsənət xadimi Cavan Zeynallı, Əməkdar artist İsfar Sarabski, cazmen-saksafonçu Rain Sultanov, «Baku Jazz Comretition»un direktoru Rauf Əliyev, «Jazz dünyası» jurnalının redaktoru Leyla Əfəndiyeva, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və məşhur bas-gitaraçı, caz ulduzu Linli Martdan ibarət münsiflər heyəti bir həftədən çox müddətdə gənclərin ifalarını dinləyib.
Müsabiqədən məqsəd gənc caz ifaçılarına öz istedadlarını nümayiş etdirmək və festival iştirakçısı olan dünyaca məhşur caz ustalarının ustad dərslərində iştirak etmək imkanı yaratmaq idi. İlk turda çıxış etmiş 30 iştirakçıdan 22 nəfər müsabiqənin ikinci turuna keçib.
Konsertdə 11 vokalçı və 11 musiqiçi çıxış etdi. Onların alqışlarla qarşılanan çıxışları salona toplaşmış cazsevərləri inandırdı ki, Azərbaycan cazının gələcək taleyi etibarlı əllərdədir. Münsiflər heyətinin üzvü, «Jazz dünyası» jurnalının redaktoru Leyla Əfəndiyeva söylədi ki, biz gənc nəslin caz musiqisinə bu qədər maraq göstərəcəyini və onların arasında istedadlı və zəhmətkeş gənclərin çox olduğunu gözləmirdik. Onların əksəriyyəti əsl peşəkar ifaçı səviyyəsində çıxış edir. Üç vokalçını və üç musiqiçini qalib seçsək də, finalçıların hamısına sertifikat və xatirə hədiyyəsi veriləcək. Qaliblər davam etməkdə olan caz festivalında çıxış edəcəklər. Gələn il «Montreux Jazz Comretition-2017»də Azərbaycanı təmsil edəcək və xaricdə təhsil alacaq gənc ifaçılar da bu müsabiqənin qalibləri arasından seçiləcək.
* * *
«Mən öz auditoriyama sülh və sevgi aparmaq istəyirəm. Mən ümid edirəm ki, onlar mənim musiqimdən bu enerjini alırlar».
Bu fikri məşhur caz ifaçısı, Omar Bakıya növbəti səfərindən əvvəlki bir müsahibəsində deyib. Bakı caz festivalına dəvəti məmnunluqla qəbul edən sənətçi öz təəssüratlarını da bölüşüb: «Mən tarixə çox önəm verirəm, hər hansı ölkəyə gedəndə oranın adət-ənənələri, tarixi barədə məlumat toplamağa çalışıram. Sizin ənənələrinizə, mətbəxinizə, görməli yerlərinizə heyranam. Budəfəki konsertim üçün yeni proqram hazırlamışam».
Oktyabrın 26-da Heydər Əliyev Sarayının səhnəsində Omar vədinə sadiq qaldı. O, konsertdə caz, pop və klassik musiqi nömrələri ifa etdi, onun hər çıxışını alqışlarla qarşılayan minnətdar auditoriyanın zövqünü maraqlı kompozisiyalarla oxşadı.

G.Mirməmməd