Amerika Kinoakademiyası Arizona ştatında qeydiyyatda olan “Masmerry inc.” şirkətini “Oskar” mükafatının təqdimetmə mərasiminə icazəsiz biletlər satdığı üçün məhkəməyə verib.  Akademiya iddia ərizəsində qeyd edir ki, şirkət 175 min dollar müqabilində bir həftəlik “Oskar” turistik paketi təklif edir. Həmin paketə mükafatın təqdimetmə mərasimində iştirak, eləcə də Hollivud ulduzları ilə qırmızı xalça üzərində gəzinti daxildir.
Kinoakademiya “Masmerry inc.”ə belə biletlər satmağı qadağan etməyi istəyir. Çünki qüvvədə olan ənənəyə görə, biletlər məşhur şəxslərə dəvət məktubu kimi göndərilir. 300 “adi” adam isə mərasimə biletlərin lotoreyada oynanılması yolu ilə düşürlər.

Belə lotoreyada 20 mindən çox adam iştirak edir. Kinoakademiyanın dəvət biletləri xüsusi şəxslərin adına yazılır və başqa bir şəxsə satıla və ya hədiyyə edilə bilməz.
Bu siyasət akademiyanın terrorçuluq təhlükəsi, eləcə də ulduzları hamının gözü qarşısında təhqir etməklə məşhurlaşmaq istəyən psixi cəhətdən xəstə adamlarla - “stalker”lərlə uğurla mübarizə aparmasına imkan verir. Kinoakademiya qeyd edir ki, “Masmerry inc.”in satdığı biletlər nə qırmızı xalçanın üzərinə çıxmağa, nə də “Oskar” mükafatının təqdimetmə mərasimində iştirak etməyə əsas vermir.

Mövcud təcrübəyə uyğun olaraq mərasimə “Oskar” mükafatına nominantlar, kinostudiyaların nümayəndələri və prodüserlər, eləcə də ötən illərin qalibləri dəvət olunurlar. Mərasimin keçirildiyi “Kodak” zalında kinoakademiyanın öz nümayəndələri də otururlar. Zal cəmi bir neçə yüz nəfər üçün nəzərdə tutulub. Kinoakademiyanın isə 6 minə yaxın üzvü var.
Ümumiyyətlə, “Oskar” mərasimində akkreditasiyadan keçmək özü bir neçə ay davam edən mürəkkəb prosesdir. Namizədlər uzun müddət danışıqlar aparandan sonra şəxsən Akademiyaya gəlirlər və bir neçə səviyyəlik yoxlamadan keçəndən sonra plastik kart alırlar.
Qeyd edək ki, sayca 81-ci “Oskar” mərasimi fevralın 22-də keçiriləcək.