Son onilliklərin ən məşhur ifaçılarından olan Maykl Ceksonun ən populyar mahnılarından birinə bundan sonra qulaq asmaqla yanaşı, tamaşa etmək də  mümkün olacaq. İTAR-TASS agentliyi qeyd edir ki, prodüser Ceyms Niderlend “pop musiqi kralı”nın ən məşhur hitlərindən sayılan “Thriller” mahnısının səhnələşdirilməsinə icazə alıb.

Gözlənildiyinə görə, gələcək müzikldə Ceksonun “Off the Wall” və “Thriller” albomlarından digər kompozisiyalar da səslənəcək. Müğənninin rəsmi nümayəndələrindən biri qeyd edib ki, teatr tamaşasının Ceksonun orijinal kompozisiyaları ilə birləşdirilməsi ifaçının “teatr və musiqi nəhəngliyini” nümayiş etdirəcək.

Hələlik müzikldə Ceksonun hansı mahnılarından istifadə ediləcəyi barədə məlumat verilmir. Artıq indidən növbəti Brodvey hiti olacağı güman edilən yeni tamaşanın hələ ki ssenaristi də seçilməyib.
Maykl Cekson şou-biznes tarixində ən çox satılan ifaçılardan biridir. Onun musiqi karyerası hələ uşaqlıq illərində “Jackson 5” ailə qrupunun tərkibində başlayıb. 1980-ci illərdə onun “Thriller” solo-albomunun buraxılışı isə müğənninin karyerasının zirvəsi sayılır.