Ötən ilin noyabr ayında məşhur rəssam Tahir Salahovun yubiley günlərində iştirak etmək üçün Bakıya təşrif buyuranlar arasında dünyaşöhrətli fransalı modelyer Pyer Karden də var idi. Böyük «imperiya»ya başçılıq edən tanınmış kutrye Pyer Kardenin lisenziyası ilə 170 ölkədə fəaliyyət göstərən 800 şirkət məhsul buraxır.

 Bu gün Kardenin «imperiyası» təkcə moda ilə kifayətlənmir. O, restoran, ətriyyat, hotel biznesi, habelə ticarət mərkəzləri və sarayların dizaynı ilə məşğuldur. 87 yaşlı sahibkarın müəssisələrində 200 min işçi çalışır. Onun şirkətlərinin illik maliyyə dövriyyəsi 12 milyard dollar təşkil edir. Yaşının çox olmasına baxmayaraq, o, indi aktiv fəaliyyətdədir. Teatr həvəskarı olan Karden Yelisey yollarında «Espas Karden» adlı mədəniyyət mərkəzinə də rəhbərlik edir. Kardenin qərargah-mənzili isə mərkəzin iki addımlığında, Qabriel küçəsində, ölkə prezidentinin iqamətgahı sayılan Yelisey sarayının qarşısında yerləşir.
   Pyer Kardenin patentləşdirdiyi 500-dən artıq dizayner kəşfi sırasında geyim modasından əlavə memarlıq, nəqliyyat, müxtəlif çeşidli malların və hər cürə əyləncə müəssisələrinin reklamı durur. Müsyö Karden yaratdıqlarının orijinal nüsxələrini Sen-Uanedə yerləşən, 3500 kv. metrlik sahəni əhatə edən şəxsi muzeyində saxlayır.
   - Siz demisiz ki, moda - narkotikdir. Bəs teatr sizin üçün nədir?
   - Mənim teatrla dostluğum Jan Kokta ilə tanışlıqdan sonra başladı. O, ilk dəfə dekorasiya hazırlamağı mənə sifariş etdi. Sonra Parisdə Kristian Diorun və Paken Skiaparellinin prestijli modalar evində işlədiyim zaman məşhurlaşdım. Ardınca Lukino Viskontinin tamaşasına tərtibat verdim. Moskvadakı Bolşoy Teatrda məşhur balerina Maya Plisetskayanın oynadığı balet əsərinin geyim eskizlərini hazırladım. Rusiyada çoxlu dostlarım var. Rəssam Tahir Salahov, şair Andrey Voznesenski və teatr aktyorlarından bəziləri ilə yaxın əlaqə saxlayıram. Mən həmişə teatrı sevmişəm. O, daim məni özünə cəlb edir.
   - Müasir modanı necə qiymətləndirirsiniz?
   - İndi bu sahədə başdan-başa xaosdur. Müharibədən sonra edilən kəşflər daha gözə dəymir. Vaxtilə mən xüsusi olaraq «Bitlz» qrupu üçün dar şalvarlar, hündür uzunboğaz ayaqqabılar, yaxalıqsız pencəklər və rəngarəng qadın corabları hazırlamışdım. Bu gün kim isə, haradasa, nə isə ortalığa atır. Onlar yalnız bir saatlıq sehrbazlardır. Gənc modelyerlər çox vaxt keçmişə baxırlar, onlar yalnız müzik-hollun pərdəsi arxasında ilhama gəlirlər. Modanın yaradıcılarından biri kimi mən daim nəzərlərimi gələcəyə yönəldirəm. Onlardan fərqli olaraq mən qadınları geyindirməyə çalışıram.
   - Müsyö Karden, çoxlarını belə bir sual düşündürür: bu boyda imperiyaya rəhbərlik etməyə necə müyəssər olursuz? Hamı yaxşı bilir ki, hakimiyyəti möhkəm saxlamaq böyük enerji tələb edir.
   - Doğrudur. Bütün strateji qərarları şəxsən özüm verirəm. Mən yeganə modelyerəm ki, hər hansı bir problemin həlli yüz faiz mənim üzərimə düşür. Heç bir auksioner və ya sponsor mənə rəhbərlik etmir. Əlbəttə, bu, asan olmur. Cari işləri icra etmək isə konkret sektora cavabdeh olan təcrübəli və işini bilən köməkçilərimin öhdəsinə düşür. İstehsal etdiyimiz məhsulların keyfiyyətinə ciddi nəzarət olunur. Bu sahədə heç bir kompromisə yol vermirik. Düzdür, bəzi ölkələrdə «Pyer Karden» markası altında saxta paltar tikilir. Lakin nə etmək olar, bu, populyarlığın «mükafatıdır».
   - Əgər ötən illərə nəzər salsaq, fikrinizcə, daha çox qazandığınız nə olub?
   - Mən iynə və sapla işləməyə başlamışam. İndi Milli İncəsənət Akademiyasının üzvüyəm. Mən bu ada layiq görülən birinci rəssam-modelyerəm. Bütün varlığımla bağlı olduğum moda hazırda rəsmi olaraq incəsənətin bir növü hesab edilir. Çox şadam ki, başladığım hər bir işi müvəffəqiyyətlə axıra çatdıra bilmişəm. Böyük zəhmət hesabına arzularımı reallaşdırmışam. İndi insanlar tikdiyim paltarları geyinməkdən əlavə, mənim mehmanxanalarımda yaşamağa, restoranlarımda qidalanmağa, mənzillərini eskizlərim əsasında hazırlanan mebellərlə bəzəməyə üstünlük verirlər. İnanın, bu siyahını artırmaq da olar. Elə buna görə də özümü xoşbəxt adam sayıram. Gəncliyimdə aktyor və rəqqas olmağı arzulasam da, Allah o istedadı mənə verməyib. Buna baxmayaraq, teatrda işləyənlərə köməyimi əsirgəməmişəm.
   - Hazırda moda aləmindəki qarşıdurmada bir tərəfdə Parisin, digərində isə Nyu-Yorkun və Milanın hökmranlıq etmək uğrunda mübarizə apardığını söyləyirlər. Siz bu barədə nə deyə bilərsiz?
   - Paris dünya modasının mərkəzi olub və həmişə də olacaq. Necə ki, Kann - dünya kinematoqrafiyasının sinonimidir. Modanı milli mənsubiyyətə görə ayırmaq düzgün deyil. Parisdə əcnəbi modelyerlər çoxdur. Mən özüm Venesiyada doğulmuşam, Unqaro da İtaliyadandır, Karl Lagerfeld - alman, Kenzo - yaponiyalıdır. Sənətdə başlıca meyar doğum yeri yox, istedad olmalıdır.
   Moda aləmində çalışan müxtəlif sənaye qruplarının maraqları toqquşursa, bu, təəccüblü deyil. Axı moda bir neçə qatarı ardınca apara bilən güclü lokomotivdir. Bu, təkcə toxuculuq istehsalı və paltar tikmək deyil, eyni zamanda parfümeriya, ayaqqabı, çanta, bijuteriya və sairə aksessuarlardır. Demək lazımdır ki, moda ərzaq istehsalından sonra ən sərfəli biznesdir, hətta avtomobildən də artıq.
   - Bəs gələcək modanı necə təsəvvür edirsiniz?
   - Moda həmişə olub. İnsanlar bütün dövrlərdə başqalarından paltar və bəzək əşyaları ilə fərqlənməyə çalışıblar. Gələcək modanı isə həyat şəraiti özü göstərəcək. Fərz etsək ki, XXI əsr təzə və ucuz enerji mənbəyinə çevriləcəksə, belə halda şəhərlərdə yay və qış fəsilləri arasındakı fərq olmayacaq. Bu da, şübhəsiz, öz təsirini paltarda göstərəcək. Hazırda yeni xüsusiyyətə malik parçalar ərsəyə gəlir. Misal üçün «nəfəs alan», elastik parçalar və yaxud pambığa və yuna əlavə edilən süni saplardan hazırlanan dartılan, lakin formasını saxlayan parçalar. Qırx il əvvəl hazırladığım modellərdə sintetikadan - neylon və vinildən istifadə etməyə başlayanda, nədənsə, çoxları dəhşətə gəlirdi. Hazırda nələr baş verdiyini bilirsinizmi? Gənclər vinildən tikilmiş paltarları çox sevirlər. O zamankı «kəşfim» indi müasir moda sayılır. Bax, belə.
   Qocaman modelyer yorulmaq bilmədən çalışır. Yenicə başlamış XXI əsrdə Pyer Karden müxtəlif layihələr üzərində düşünür. Ən başlıcası - İsgəndəriyyə mayakının təzə layihəsidir. Məlumdur ki, Misirdə tikilən mayak I əsrdə, sonra isə XV əsrdə zəlzələ nəticəsində dağılıb. Yeni layihə üzrə ucaldılacaq 150 metrlik hündürlükdə olan mayakın işığı 50 kilometr məsafədən görünəcək. Kardenin sözlərinə görə, orada açılacaq tarix muzeyində bir neçə il əvvəl arxeoloqların dəniz dibindən tapdıqları əşyalar nümayiş olunacaq. Bunun üçün lazım olan vəsaiti müsyö Karden fəxri səfiri olduğu, beynəlxalq YUNESKO təşkilatının köməyi ilə toplayacağı yardımla həyata keçirmək fikrindədir.
   Xatırladaq ki, Pyer Karden 24 nüfuzlu beynəlxalq və Fransanın mükafatlarına layiq görülüb. O, 1974-cü ildə Fransa dövlətinin ən ali mükafatı olan - «Fəxri legion» ordeni, 1988-ci ildə isə İtaliyanın «Göstərilən xidmətlərə görə» və Vatikanın «Müqəddəs xəzinə» ordenləri ilə təltif edilib.
   1985-ci ildə Pyer Karden Fransa Milli İncəsənət Akademiyasının fəxri akademiki seçilib.
   
   Hazırladı: Həsən Tağıyev