ABŞ prezidenti Barak Obamanın ən məşhur rəsmi qalmaqala səbəb olub. «Associated Press» agentliyi küçə rəssamı Şepard Feyri tərəfindən çəkilən əsərə hüququ olduğunu iddia edir.
   Agentlik qeyd edir ki, rəssam əsər üzərində işləyən zaman «Associated Press»in sifarişi ilə 2006-cı ildə fotoqraf Menni Qarsia tərəfindən çəkilən fotodan istifadə edib. Agentlik fotoşəklin istifadəsinə görə kompensasiya tələb edir və şəklin nümayişi zamanı onun «Associated Press»ə məxsus fotoşəkil əsasında çəkildiyinin vurğulanmasını istəyir.
   Şepard Feyrinin vəkilləri isə bu iddianı rədd edərək bildirirlər ki, yaranmış vəziyyətdə «vicdanlı istifadə» qanunundan bəhrələnmək olar. Bu qanuna görə, müəllif hüquqları ilə müdafiə olunan əsərlər «elm və faydalı incəsənətin inkişafına» kömək etsə, materialdan onun müəllifinin razılığı olmadan istifadə etmək olar. Feyrinin çəkdiyi şəkil seçki kampaniyası zamanı aktiv iştifadə edilib və 2008-ci ildə ən çox çap edilən əsərlərdən olub. Məsələn, onun surəti «The Times»in üz qabığına verilib. Rəsm əsərinin özü isə Vaşinqtondakı Milli Portret Qalereyasına yerləşdirilib. Maraqlıdır ki, qalmaqal barədə xəbərdən bir neçə saat sonra Feyri həbs edilib. Amma onun həbsinə agentliyin qaldırdığı iddia deyil, rəssamın özəl və bələdiyyə mülkiyyətində olan obyektlərdə qraffit ilə şəkil çəkməsi səbəb olub. Feyrini bundan əvvəl də icazəsiz olaraq özəl mülkiyyətdə olan binalar üzərində qraffitlə şəkil çəkdiyinə görə həbs ediblər.