Los-Ancelesdə “Gremmy” mükafatının 51-ci təqdimetmə mərasimi keçirilib. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bu il musiqi dünyasının “Oskar”ı adlanan nüfuzlu mükafatın əsas nominasiyasında Robert Plant və Elison Krauss qalib gəliblər. Onların hərəsi 4 “Grammy” alıb.
      Robert Plant və Elison Kraussun ifa etdikləri “Please Read The Letter” mahnısı 2008-ci ilin ən yaxşı musiqisi adına layiq görülüb. Onların “Raising Sand” diski isə ilin ən yaxşı albomu kimi qeyd edilib. ABŞ-ın ən uğurlu reperlərindən sayılan Lil Ueyn 8 nominasiyada “qızıl qrammofon” mükafatına irəli sürülüb. Nəticədə onun “The Carter III” diski rep stilində ən yaxşı albom hesab edilib. Qeyd edək ki, “The Carter III” albomu satışa çıxarılmasının ilk həftəsində 1 milyon tirajla yayılıb. Rok stilində ən yaxşı disk adını isə “Goldpley” qrupunun “Viva La Vida” diski qazanıb. Maraqlıdır ki, ABŞ Milli Səsyazma Akademiyasının tədbirinə Kris Braun və Rianna kimi ulduzlar gələ bilməyiblər. Braun tədbir ərəfəsində qadına hücum etmək ittihamı ilə polis tərəfindən saxlanılıb. Riannanın nümayəndələri isə onun avtomobil qəzasına düşdüyünü bildiriblər. Onların hər ikisi “Grammy” tədbirinin müxtəlif hissələrində çıxış etməliymişlər.51-ci mərasim fevralın 8-də axşam keçirilib. Dünya musiqisinin 20 mindən çox üzvünü birləşdirən ABŞ Milli Səsyazma Akademiyasının 110 nominasiyada mükafatı təqdim olunub.