Amerikalı müğənni Britni Spirs həyatı ilə bağlı memuar yazaraq bunun müqabilində 14 milyon dollar almağa hazırlaşır. «Vesti» telekanalının məlumatına görə, bu barədə 27 yaşlı müğənninin ətrafındakı şəxslər bildiriblər.
   Spirs öz kitabında 1992-ci ildə «Mikki Mausun yeni klubu» uşaq proqramında ilk dəfə televiziyada görünməsi ilə başlayan ulduz həyatı barədə danışacaq. Bəzi mənbələr qeyd edirlər ki, Spirs ətraflı gündəlik tutduğu üçün kitab üzərində ciddi əziyyət çəkməyəcək.
   Pərəstişkarları isə daha çox onun ömrünün son 2 ili ilə maraqlanırlar. İki uşaq anası olan Spirs həyat yoldaşı Kevin Federlaynla ayrıldıqdan sonra spirtli içkilərə qurşanaraq rəfiqələri Peris Hilton və Lindsey Lohanla bir yerdə vaxtını gecə klublarında keçirməyə başlayıb. O, bu müddət ərzində iki dəfə psixiatriya xəstəxanasına düşüb, həddən ziyadə kökəlib, oxumağın daşını atıb, narkotik maddələr qəbul etməyə başlayıb. Lakin ötən ilin sonunda Britni gözlənilmədən əvvəlki həyat tərzinə qayıdıb. Xeyli arıqlayan müğənni səhnəyə qayıdıb və dərhal uğur qazanıb. Bu ilin martında onun dünya turu başlayır.