Həyatı boyunca varlı və məşhur kişilərin nişanını beş dəfə geri qaytaran aktrisa Salma Hayek, nəhayət, ərə gedib. 42 yaşlı meksikalı gözəlin toyu fevralın 14-də - Sevgililər Günündə baş tutub. O, 45 yaşlı fransız biznesmen Fransua-Anri Pinonu seçib. «NEWSru Israel» saytı qeyd edir ki, kiçik dairədə qeyd edilən nikah mərasimi Parisdə keçirilib.
   Salma Hayek Pino ilə 2006-cı ilin mayında Venesiyada tanış olub. 2007-ci ilin martında cütlük nişanlandıqlarını elan edib. Həmin ilin sentyabrında Salmanın qızı doğulub. 2008-ci ilin iyulunda isə aktrisa bəyan edib ki, Pinonun nişanını geri qaytarır.
   Lakin Los-Ancelesə qayıdan Salma və Parisdə qalan Fransua-Anri ayrılmayıblar. Pino Hayekin qəribə davranışını toyqabağı həyəcanla izah edib: «Axı o, heç zaman ərə getməyib».
   Fransua-Anri Pino Fransanın ən varlı adamlarından biri sayılır. O, «Artemis» holdinqinin əsasını qoyan böyük Fransua Pinonun varisidir. Lakin oğul biznesdə atasını da qabaqlayaraq varidatını bir neçə dəfə artırıb. Hazırda onun varidatı 17 milyard dollara yaxındır. Pino tərkibinə «İv Sen Loran», «Gucci», «Puma» və s. bu kimi şirkətlərin daxil olduğu «Pinault-Printemps-Redoute» qrupuna rəhbərlik edir.
   Salma Hayek isə bir neçə gün əvvəl yeni film barədə müsahibəsi zamanı həyat yoldaşını necə sevdiyini açıqlayıb: «Mən həmişə ona deyirəm: hətta filmdə Alek Bolduin kimi kişini qucaqlayanda da , səni qucaqladığımı təsəvvür edirəm».
   Qeyd edək ki, Salma Hayek kinoda ilk ciddi rolunu Antonio Banderasla duetdə Robert Rodriqesin «Ümidsiz» filmində oynayıb. Onun Rodriqesin daha bir filmi olan «Nadinclər»də çəkilməsindən sonra Kventin Tarantino «Gün batandan çıxana qədər» filmində Salma üçün xüsusi rol yazıb.
   Onun karyerasında dönüş nöqtəsi isə «Frida» filmi olub. Salma bu filmdə məşhur meksikalı rəssamın rolunu canlandırıb. O, «Bir dəfə Meksikada», «Tozdan soruş» və «Casus uşaqları - 3» filmləri ilə də məşhurdur.