Londonun məşhur «Kovent Qarden» Kral Opera Teatrı 2011-ci ildə fotomodel Anna Nikol Smitin həyatı və ölümü ilə bağlı opera təqdim edəcək. 26 yaşında 89 yaşlı milyarderə ərə gedən fotomodel barədə tamaşanın librettosunu Riçard Tomas, musiqisini isə Mark Entoni Terneyc yazacaq. «The Guardian» qeyd edir ki, onların hər ikisi qalmaqallı «Cerri Sprinqer» müziklinin həmmüəllifləridir.
   «Kovent Qarden»in opera truppasının direktoru Eleyn Pedmor bildirib ki, bu dəfə yeni tamaşada hansısa qalmaqal və zövqsüzlük olmayacaq. Tamaşanın kədərli, məzmunlu və maraqlı olması nəzərdə tutulub. Pedmor Tomas və Terneycin hələ yazılmayan əsərini 1920-1930-cu illərin alman və Avstriya operaları, Ernest Krenekin «Jonny Spielt Auf» operası, eləcə də qalmaqallı süjetləri olan daha məşhur klassik əsərlərlə müqayisə edib. Misal kimi o, Donisettinin «Lüsiya de Lammermur» operasını göstərib.
   Anna Nikol Smit həddən artıq qoca olan texaslı milyarder Hovard Marşalla qısa müddətli nikahı ilə məşhurlaşıb. İzdivacdan bir il sonra Marşall dünyasını dəyişib. Anna Nikol Smit isə həyatının növbəti 12 ilini 500 milyon dollarlıq vəsaiti əldə etməyə sərf edib. Məhkəmədə qalib gələndən sonra Anna Nikolun qızı olub. Bundan cəmi bir neçə gün sonra onun oğlu narkotik maddələrin qəbulundan ölüb. Daha beş ay sonra Smit özü ağciyər iltihabından dünyasını dəyişib.