Kaliforniya qubernatoru Arnold Şvartsnegger kinoya qayıtmaq niyyətindədir. AİCN resursunun məlumatına görə, o, Silvestr Stallonenin «Muzdlular» filmində öz-özünü - Kaliforniya qubernatoru rolunu oynayacaq.
   Stallone yeni layihəsində digər dəyişikliklər də edib. Buna qədər MKİ-nin satqın agenti rolunu oynayacağı nəzərdə tutulan Ben Kinqsli layihədən çıxıb. İndi bu rolu Erik Roberts oynayacaq. Əvəzində isə Mikki Rurkun filmdə iştirakı rəsmən təsdiqlənib.
   Qeyd edək ki, filmdə Latın Amerikası ölkələrindən birində dövlət çevrilişi etməyə hazırlaşan bir qrup muzdludan söhbət açılır. Filmin rejissoru və ssenari müəllifi Silvestr Stallonedir. O, həm də əsas rollardan birində oynayır. Filmdə Cet Li, Ceyson Stetem, Dolf Lundqren və Forrest Uitaker kimi aktyorlar da oynayacaqlar.