Məşhur ispaniyalı opera müğənnisi Plasido Dominqo əfsanəvi isveçli müğənni Bricit Nilsonun adını daşıyan mükafatın ilk laureatı olacaq. «France Presse» agentliyi bildirir ki, mükafat 1 milyon dollar təşkil edir. Rəsmi təqdimetmə mərasimi bu ilin sonunda baş tutacaq. Agentliklər bildirirlər ki, Nilson mükafatı klassik musiqi sahəsində ən böyük mükafata çevrilib.
   Bricit Nilson ölümündən az öncə (müğənni 2005-ci ildə dünyasını dəyişib) ilk laureatı - Dominqonu özü seçib. Amma onun adı gizli saxlanılıb. Press-relizdə qeyd edilir ki, mükafat Plasido Dominqoya «opera səhnəsində böyük uğurlara, 40 illik əfsanəvi karyerasına və 130 roluna görə verilir». Qeyd edək ki, indiyə kimi heç bir opera tenoru 130 rol ifa etməyib. Nilson və Dominqo bir neçə dəfə birgə çıxış ediblər. Onlar ilk dəfə səhnəyə bir yerdə 1969-cu ildə Metropoliten-operanın səhnəsində çıxıblar. Bricit Nilson XX əsrin ən gözəl sopranolarından biri sayılırdı. O, sonuncu dəfə 1984-cü ildə çıxış edib.