Əfsanəvi superqəhrəman Hörümçək-adam barəsində Brodveydə müzikl hazırlanır. «Billboard» qeyd edir ki, tamaşa 2010-cu il fevralın 18-də təqdim ediləcək. Xeyli müddətdir gözlənilən layihənin musiqisi və mahnı mətnlərini «U2» qrupunun üzvləri Bonov və Ec yazıblar.
   «Hörümçək-adam: Qaranlığı söndürün» adlı nəhəng layihənin büdcəsi 31 milyon dollar təşkil edir. Tamaşanın quruluşçu rejissoru kimi Culiya Teymor çıxış edir.
   Brodveydə uşaqların superqəhrəmanı barədə tamaşa qoyulacağı haqda çoxdan söz-söhbət gəzirdi. Lakin tamaşanın vaxtı ancaq indi rəsmi şəkildə açıqlanıb. Buna baxmayaraq, əsas rolların ifaçılarının adı hələ də məlum deyil.
   Xatırladaq ki, «Hörümçək-adam» müziklinin hazırlanması hazırkı iqtisadi vəziyyətlə uyğun gəlmir. Çünki bir qədər əvvəl böyük maliyyə böhranı və ondan doğan vəsait çatışmazlığı ilə bağlı Brodveydəki müzikllərin bir-birinin ardınca bağlandığı barədə məlumat yayılmışdı. Son bir ay ərzində dünyanın ən məşhur teatr küçəsində 16 şou bağlanılıb. İl ərzində isə 37 tamaşa repertuardan çıxarılıb.