Məşhur amerikalı rəssam Keyt Harinqin çəkdiyi rəsm əsəri «eBay» İnternet auksionunda satışa çıxarılıb. Lent.az-ın «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, Harinqton 1990-cı ildə QİÇS xəstəliyindən ölüb.
   «Ümid» adlı yarımçıq əsərə ilkin olaraq cəmi 99 sent qiymət qoyulub. Amma satıcının qohumu və Harinqin uşaqlıq dostu bəyan edib ki, auksiona çıxarılan əsər çox gözəl işlənmiş saxta rəsmdir. Onun sözlərinə görə, əsl «Ümid» başqa kolleksiyada saxlanılır.
   Satıcı Ed Osvald isə satdığı əsərin həqiqi olduğunda israr edir. O bildirib ki, əsəri 4 il əvvəl Harinqlə yaxın münasibətləri olan ailənin evinin çardağında tapıb və onun məşhur rəssamın əsəri olduğunu dərhal başa düşüb.
   Buna baxmayaraq, «eBay» rəhbərliyinin əsərin həqiqi olduğu ilə bağlı şübhəsi yaranıb və lotun üzərindəki yazıdan «həqiqidir» sözü yığışdırılıb. Əvəzində isə onun yerində əsərin stilinə görə Harinqin digər əsərlərinə çox oxşadığı barədə yazı peyda olub.
   Maraqlıdır ki, əgər əsərin həqiqiliyi sübuta yetirilsə, onun qiyməti bir neçə yüz min dollara qədər arta bilər.