Bu barədə o, pərəstişkarları ilə görüşü zamanı bildirib. «France Presse» agentliyinin məlumatına görə, müğənni iyul şousunun onun musiqi karyerasında sonuncu olacağını qeyd edib.
    50 yaşlı Cekson Londondakı «O2 Arena»da 10 konsert verəcək. İlk konsert iyulun 8-nə nəzərdə tutulub. «Mən pərəstişkarlarımın eşitmək istədikləri mahnıları oxuyacağam» - deyə, müğənni bildirib. Güman edildiyinə görə, Cekson London konserti sayəsində on milyonlarla dollar pul qazanacaq. Bu vəsait ona borclarını ödəmək üçün lazımdır.
   Qeyd edək ki, Cekson hələ də 2005-ci ildə ona qarşı irəli sürülən məhkəmə prosesi zamanı hüququnu qoruyan vəkillərin qonorarını və digər məhkəmə xərclərini ödəyə bilməyib. Xatırladaq ki, müğənni 4 ay davam edən məhkəmə çəkişməsi nəticəsində bəraət alıb.
   Maykl Ceksonun sonuncu konserti 1996-97-ci illərdə olub. O zaman Cekson 58 şəhərdə 82 konsert verib. Müğənni sonuncu dəfə səhnəyə 2006-cı ildə çıxıb. O, Londonda «World Music Awards»ın təqdimetmə mərasimində «We Are The World» mahnısının cəmi bir neçə sətrini ifa edib.
   Onun sonuncu albomu isə 2001-ci ildə işıq üzü görüb. Hazırda onun yeni albom üzərində işi başa çatdırdığı bildirilir. Bu albomda Ceksonun tərəfdaşları gənc ifaçılardır.
   Bəzi məlumatlara görə, Ceksonun səhhəti son dərəcə ağırdır və o, bu səbəbdən səhnədən gedir. Bəzi bukmeyker şirkətləri onun təyin etdiyi gün konsert verə bilməyəcəyini iddia edirlər. Amma «Daily Mirror» qəzeti yazır ki, Maykl Cekson sığorta şirkətlərinin tələbi ilə 50-dən çox tibbi müayinədən keçib və onların hamısı müğənninin səhhətinin normal olduğunu göstərib.