“Əgər sizdə olmayan nəyisə əldə etmək istəyirsinizsə, demək ki, siz heç vaxt etmədiyinizi etməlisiniz”. Bunu, işləməkdən heç vaxt yorulmayan, zəhmətkeş, valehedici qadın - Koko Şanel demişdi. Onun məqsədlərinə gedən yol güclü istəklərindən keçirdi. O hər zaman nə istəyirdisə, onu da edirdi.
   
   Qabriel Şanel dünyaya şanslı bir ulduz altında gələnlərdən deyildi. 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.
   Nəhayət, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün «Moda evi»ni açır. Amma I Dünya müharibəsi onun bu işini yarıda qoyur. 1919-cu ildə «Şanel Moda evi» fəaliyyətini bərpa edir.
   Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə “Chanel №5” ətirləri meydana çıxdı. Yəqin ki, bu məşhur ətirləri tanımayan yoxdur. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Əlbəttə ki, bu Koko Şanel üçün çox böyük uğur idi.
   İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılırdı. Şaneli hamı izləyir, onunla maraqlanırdılar. Onun şöhrəti ilə bərabər var-dövləti də artırdı. Necə deyərlər, hər bir gözəl nağılın gözlənilməz sonu var. 1939-cu ildə II Dünya müharibəsi başlandı və Şanelin moda evi, butikləri bağlandı. Şanelin adı siyasi qalmaqallarda da hallanmağa başlandı. Onu hətta həbs də etmişdilər.
   1940-cı illərdə Fransada Kristian Diorun moda aləminə gəlişi xanım Şanel üçün daha bir zərbə oldu. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı, rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı. Amma Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi. Ehtimalları onu aldatmadı. Koko Şanel yenidən öz işinə qayıdır. Çoxsaylı insanlar yenidən Şanel markalı geyimlərə üstünlük verməyə başlayırlar. O, yenidən növbəti üslub üzərində çalışmağa başlayır. Bu dəfə işlədiyi geyimlərdə klassik dəb üstünlük təşkil edir. Başqa modelyerlər də onun işlərindən, ideyalarından yararlanaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi.
   Koko Şanel 88 il ömür yaşadı. Onu hələ sağlığında “moda aləminin filosofu” adlandırırdılar. XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci il yanvarın 10-da dünyasını dəyişdi.
   
   Yeganə