Aktyor bundan sonra daha çox səyahət etməyi düşünür

Tanınmış fransız teatr və kino aktyoru Jerar Depardye aktyorluq karyerasına tədricən son verərək bundan sonra daha çox dünyanı gəzməyə, səyahətə vaxt sərf edəcəyini deyib.

Fransa qəzetlərinin yazdığına görə, Depardye sənət karyerasının onun üçün artıq bir yük olduğunu etiraf edib. Aktyor səhnədə ilk rollarını xatırlayaraq bildirib: “Həmin illər mən səhnəyə sonsuz ehtirasla çıxardım. Amma bu gün aktyorluq mənim üçün yorucudur”.
Aktyor Parisin “Antuan” teatrında Anuk Eme ilə tərəf-müqabili olduğu “Məhəbbət məktubları” tamaşasından sonra daha teatrda oynamayacağını deyib. Gələcək planları haqqında danışan Depardye qazanc üçün çalışmayacağını bildirib: “Yaşayışımı təmin etmək üçün yetərincə işləmişəm. Artıq mənim pul qazanmağa ehtiyacım yoxdur. Mən naməlum sivilizasiyaları, tanış olmadığım mədəniyyətləri və dilləri öyrənmək istəyirəm. Fikrimcə, Yer kürəsinin vətəndaşı kimi özüm üçün elə ölkələr kəşf edə bilərəm ki, orada kinematoqrafiyanı inkişaf etdirmək mümkündür”.
Fransa vətəndaşlığından imtina edən Jerar Depardye öz ölkəsi və xalqı ilə əlaqələri kəsməyib. Hazırda sənətkar vətəninə qonaq kimi gedib-gəlir. Aktyor bildirib ki, fransızlar onu yenə də əvvəlki məhəbbətlə sevirlər.
İndi o, vaxtının çox hissəsini müxtəlif ölkələrdə keçirir. Bu ölkələr sırasında birinci yerdə Azərbaycan, daha sonra Belçika, İtaliya, Rusiya və Ukrayna dayanır. Aktyor özünü belə daha azad hiss etdiyini bildirərək “Mən həmişə səyyah olmuşam”, -deyib.