Keçmiş SSRİ məkanında yaşlı və orta nəsil onun “Qafqaz əsiri və ya Şurikin başqa macəraları” komediyasında yaratdığı Saaxov obrazını bu gün də təbəssümlə xatırlayır. Tanınmış teatr və kino aktyoru, pedaqoq , Rusiyanın və SSRİ-nin Xalq artist Vladimir Etuş Azərbaycanda da özünə çoxlu pərəstişkar qazanıb.

Vladimir Abramoviç Etuş 1922-ci il mayın 6-da Moskvada yəhudi ailəsində anadan olub. Atası Abram Savelyeviç inşaatçı, anası Raisa Konstantinovna isə fotoatelyedə kassir işləyib. Vladimir uşaqlıqdan evdə nənəsi və bacılarına səhnəciklər göstərməyi xoşlayıb. Orta məktəbdə yaxşı oxuyub. Lakin 15 yaşında ikən atasının repressiya olunmasından sonra məktəbdə müəllimlərin və direktorun ona qarşı münasibəti dəyişir. Bununla belə, o, dərslərindən geri qalmamağa çalışır, məktəbdə teatr dərnəyinə yazılır.
Orta məktəbi qurtarandan sonra Vladimir nədənsə aktyor yox, rejissor olmaq qərarına gəlir, amma ali məktəbə qəbul ola bilmir. Vaxtanqov Teatrında rejissor köməkçisi olaraq işə düzəlir, sonra Şukin adına Teatr Məktəbinə qəbul olur. Lakin I kursu bitirəndə müharibə başlayır.
O, müharibənin başlanmasını yaxşı xatırlayır. 1941-ci il iyunun 21-də qrup yoldaşları ilə birinci kursu bitirmələrini qeyd edib, səhərə yaxın evə qayıdırlar. Vladimir evə gəlib yatır. Saat 12-də anası onu oyadaraq deyir ki, müharibə başlayıb. Vladimiri qrup yoldaşları ilə birgə səngər qazmağa göndərirlər. İndi o qrup yoldaşlarından heç biri həyatda yoxdur. Qonşuluqdakı alman oğlanla dostluq etdiyi üçün alman dilini yaxşı bilən Vladimiri Stavropola tərcüməçilik məktəbinə göndərirlər. Bir müddət sonra da cəbhəyə tərcüməçi kimi göndərilir. 1943-cü ildə Ukrayna döyüşlərinin birində ağır yaralanır. II qrup əlil olur, ordudan tərxis edilir.
Nəhayət, 1945-ci ildə Şukin adına Teatr Məktəbini bitirir və Vaxtanqov adına Teatrda işləməyə başlayır. Eyni zamanda teatr məktəbində müəllim kimi də fəaliyyətə başlayır. Beləcə, aktyorluqla yanaşı, pedaqoji həyatı da başlayır. 1976-cı ildə professor, 1987-ci ildə isə məktəbin rektoru olur.
Kinoda debütü 1953-cü ildə Mixail Rommun “Admiral Uşakov” filmi ilə başlayır. Kəskin xarakterli rolların ifaçısı kimi tanınır. Lakin geniş tamaşaçı kütləsi Vladimir Etuşu daha çox məşhur rejissor Leonid Qaydayın “Qafqaz əsiri və ya Şurikin başqa macəraları”, “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. kimi komediyalardan tanıyır. Ona böyük şöhrət gətirən Saaxov rolu haqqında fikirləri də maraqlıdır. Aktyor deyir ki, müharibə vaxtı Gürcüstandan Dağıstana qədər bütün Qafqazda olub, yerli koloriti kifayət qədər öyrənib, ona görə də Saaxov rolunu asanlıqla oynayıb.
Şəxsi həyatına gəldikdə, Vladimir Etuş bir neçə dəfə ailə həyatı qurub. Raisa adında qızı və Vladimir adlı nəvəsi var. Hazırda qızı və nəvəsi Amerikada yaşayır. Bu yaxınlarda 92 yaşını qeyd edən aktyora “Sizin sevimli işiniz, ailəniz, mehriban həyat yoldaşınız, nəvəniz, xalqın sevgisi var, bundan sonra daha nə arzu edərdiniz” sualına o, belə cavab verib: “Yenidən kinolarda çəkilmək istərdim, ancaq təəssüf ki, artıq o yaş keçib...”

Hazırladı: Səbinə Əlibalaqızı