O, Azərbaycanda daha çox “İstintaq” filmində yaratdığı müstəntiq Seyfi Qəniyev obrazı ilə məşhurlaşıb. Bu film əslində sovet rejiminin “İstintaq”a çəkilməsi idi. Film həm də aktyora SSRİ Dövlət mükafatı qazandırıb.

Bundan əlavə, “Azərbaycanfilm”də lentə alınan “Bağlı qapı”da Daşdəmirov, “Park”da Gena, “Özgə ömür”də Fariz Rzayev kimi maraqlı obrazlar yaradıb. Söhbət Rusiyanın Xalq artisti Aleksandr Kalyagindən gedir.
O, 1942-ci il mayın 25-də Kirov vilayətinin Malmıj şəhərində dünyaya gəlib. Atası Aleksandr Kalyagin tarix fakültəsinin dekanı, anası Yulya Zaydeman fransız dili müəlliməsi olub. Anadan olandan bir il sonra atası rəhmətə gedir, anası onu tək böyütməli olur. Aleksandr uşaqlıqda skripka çalmaqla məşğul olsa da, sonradan teatra marağı daha da artır. Hətta 13 yaşında məşhur sənətkar Arkadi Raykinə məktub yazaraq aktyor olmaq istədiyini bildirir. Arkadi Raykin onun qrammatik səhvlərlə dolu olan məktubunu cavabsız qoymayıb, sənətdə əsas məsələnin istedad və zəhmət olduğunu bildirərək bu yolda ona uğurlar arzulayıb. Həmin cavab məktubunu Aleksandr Kalyagin illər sonra, 1978-ci ildə Arkadi Raykin birgə iştirak etdiyi “Teatr görüşləri” televiziya verilişində oxuyacaqdı...
Lakin anası Aleksandrın aktyor olmaq arzusu ilə razılaşmır və o, tibb məktəbinə qəbul olur. 1959-cu ildə tibb məktəbini bitirir və “Təcili yardım” xidmətində feldşer işləyir.
İki il işlədikdən sonra keçmiş arzusunu reallaşdırmaq qərarına gəlir. Şukin adına Teatr Məktəbinə daxil olur. Burada Tatyana Korunova ilə tanış olur və tezliklə onlar ailə həyatı qururlar. Teatr məktəbini bitirən xoşbəxt cütlük “Taqanka Teatrı”nda işə düzəlirlər. Bir müddət birgə işləyəndən sonra Tatyana analıq məzuniyyətinə çıxır, Aleksandr Kalyaginin isə teatrın rejissoru Yuri Lyubimovla mübahisələri düşür. Nəticədə o, Yermoloyeva adına Teatra gedir. Tezliklə cütlüyün Ksenya adında qızları dünyaya gəlir. Ksyuşanın dörd yaşı olanda həyat yoldaşı, bir il sonra isə anası rəhmətə gedir. O, hər gün səhər qızını bağçaya aparır, işdən sonra gəzintiyə çıxarır, bir sözlə, onu tək böyüdür.
Aleksandr Kalyagin 1971-ci ildən A.Çexov adına Moskva Bədaye Teatrında işləməyə başlayır. Burada 25 ildən artıq çalışır, demək olar ki, ən gözəl rollarını bu teatrda yaradır.
Aktyorun kinoda debütü isə 1967-ci ildə “Nikolay Bauman” filmində epizodik rolla başlayır. 1974-cü ildə “Yadlar içində doğma, doğmalar içində yad”, 1976-cı ildə “Məhəbbətin qulu” filminə və “Salam, mən sizin xalanızam!” kinokomediyasına çəkilir. Onu geniş tamaşaçı kütləsinə tanıdan da bu komediya olur. İstedadlı aktyor 1979-cu ildə isə “Azərbaycanfilm” kinostudiyasında Rasim Ocaqovun “İstintaq” filmində Seyfi Qəniyev roluna çəkilir və Azərbaycan tamaşaçılarının da rəğbətini qazanır.
Bir dəfə film çəkilişlərində o, Yevgeniya Qluşenko ilə tanış olur. Qızının da razılığı ilə aktyor onunla ailə qurur. Denis adında oğulları dünyaya gəlir. 1977-ci ildə Aleksandr Kalyagin “Mexaniki pianino üçün yarımçıq pyes” filmində Platonov roluna görə “İlin ən yaxşı aktyoru” adını alır.
1985-ci ildə isə “Mənim rəfiqəm” filmində rejissor kimi özünü sınayır. Rejissor kimi digər işi isə 1994-cü ildə lentə alınan “Proxindiada 2” kinokomediyası olur. Həmçinin teatrda da tamaşalara quruluş verir. 1993-cü ildə isə özünün “Et Cetera” teatrını yaradır.
Bir çox mükafatlara və ordenlərə layiq görülən 72 yaşlı aktyorun həyatı çox gərgindir. O, həmişəki kimi iş başındadır - Rusiya Teatr Xadimləri ittifaqının sədri, “Et Cetera” teatrının bədii rəhbəridir. Şəxsi həyatından danışmağı çox xoşlamır. 30 ilə yaxın birgə yaşadığı həyat yoldaşı ilə 2008-ci ildə ayrılıblar. ABŞ-da ailə quran qızı Ksyuşa kompyuter proqramçısı işləyir. Oğlu Denis də Amerikada yaşayır, jurnalistdir.

Səbinə Əlibalaqızı