Böyük Britaniyanın məşhur alpinisti Kristofer Boninqton Şotlandiyanın şimalında, Orkney adalarında yerləşən əfsanəvi "The Old Man of Hoy" (Qoca Hoy) zirvəsinə qalxıb. İlk dəfə bu zirvə 1966-cı ildə elə K.Boninqtonun özü və onun iki yoldaşı tərəfindən fəth edilmişdi. Bundan sonra o bir neçə dəfə zirvəyə çıxıb.
Bu dəfə isə 80 yaşlı Kris zirvəyə dünyanın ən yaxşı qayayadırmananlardan biri olan Leo Holdinqlə birgə qalxıb. O deyib: "Hər şey yaxşıdır. Lakin 60 yaşımla müqayisədə çevikliyimi bir qədər itirmişəm".
Alpinist üçün bu qalxma heç də asan olmayıb. O, iki həftə əvvəl uzun illər birgə yaşadığı həyat yoldaşını itirib. Onun ölümünün səbəbi ağır neyron xəstəliyi olub. K.Boninqton həyat yoldaşının xatirəsinə bu xəstəliklə mübarizə və onun öyrənilməsi üçün fond yaradıb. "The Old Man of Hoy" zirvəsinə qalxma fondun ilk böyük tədbiri idi.