Azərbaycan
   
   16 may 1950 - Xalq artisti, aktyor Arif Quliyev anadan olub. “Bəyin oğurlanması”, “Bəxt üzüyü”, “O dünyadan salam” filmlərində, “Evləri köndələn yar”, “Yarımştat” və s. televiziya tamaşalarında çəkilib. Musiqili Komediya, Milli Dram teatrlarında işləyib. İrəvan Azərbaycan Dram Teatrında çalışır.
   16 may 1992 - Kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 - 1992) vəfat edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi”, “Nizami” və s. filmlərin quruluşçu operatorudur.
   
   17 may 1870 - Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870-11.12.1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan", “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”, “Ac həriflər” və s. pyeslərin, bir çox hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən tərcümələr (M.Qorki, A.Çexovun hekayələri, V.Şekspirin “Hamlet”, F.Şillerin “Qaçaqlar” pyesləri və s.) edib. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub. Bakı Dövlət Universitetində (1921-1931) dərs deyib.
   17 may 1928 - Xalq artisti, tanınmış rəqqasə Roza İsmayıl qızı Cəlilova Şabran rayonunda doğulub. Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub. "Qavalla rəqs", "Azərbaycan süitası", "Durnalar" və s. rəqslərə quruluş verib.
   17 may 1938 - Əməkdar incəsənət xadimi, rejissor Arif Lətif oğlu Qazıyev Gəncədə doğulub. Azərbaycan televiziyasının ilk diktorlarından olub. "Muğam teatrı”nın yaradıcısı, musiqili televiziya filmlərinin (“Şur”, “Təsnif”, “Salam, Zeynəb!”) müəllifidir.
   17 may 1944 - Şair, ədəbiyyatşünas Əhməd Elbrus (Elbrus Misir oğlu Əhmədov; 1944-2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.
   
   18 may 1906 - Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906 - 1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində anadan olub.
   18 may 1933 - Filologiya elmləri doktoru, tərcüməçi, tanınmış biblioqraf Əmin Tahir oğlu Əfəndiyev Qax rayonunun İlisu kəndində doğulub.
   18 may 1951 - Kinorejissor, ssenarist Ziya Şıxlinski anadan olub. Sənədli filmlərin müəllifidir. Bir neçə bədii filmdə rejissor assistenti olub: “Dərviş Parisi partladır”, “Şir evdən getdi”.
   18 may 1969 - Tanınmış aktrisa Məlahət Abbasova anadan olub. “Sən həmişə mənimləsən” teletamaşasında (1987) Nargilə rolu ilə məşhurlaşıb. “Sürəyya”, “İmtahan” filmlərində çəkilib. 90-cı illərdən Türkiyədə yaşayır, İstanbul Bələdiyyə Teatrında çalışır, “Mahmud və Məryəm” filmində (Qəmərbanu), seriallarda rol alıb.
   
   19 may 1898 - Xalq artisti, opera müğənnisi (lirik-tenor) Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898-10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.
   19 may 1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. Redaktoru Ələsgər Əliyev idi. Cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə burada dərc olunub.
   19 may 1910 - Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes), "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzü küləyə" kitabları və s. Rus (A.Puşkin, M.Lermontov, V.Mayakovski) və Avropa şairlərinin (C.Bayron, H.Heyne və s.) əsərlərini dilimizə tərcümə edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
   19 may 1935 - Şair və tərcüməçi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 - 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
   
   Dünya
   
   16 may 1910 - Rus yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
   16 may 1915 - İtaliya kinorejissoru Mario Moniçelli anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
   16 may 1953 - İrlandiyalı aktyor Pirs Brosnan (Pierce Brendan Brosnan) anadan olub. “Agent 007” seriyasından filmlərdə (o cümlədən Azərbaycan-Türkiyə neft kəmərindən bəhs edən “Bütün dünya da bəs etməz” (1999) filmi) çəkilib.
   
   17 may Dünya İnformasiya Cəmiyyəti Günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib. Bu günün tarixi 1865-ci il mayın 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının (İnternational Telegraph Union) yaradılması ilə bağlıdır.
   17 may 1510 - Görkəmli italyan rəssamı Sandro Bottiçelli (əsl adı Alessandro di Mariano Filipepi, 1445-1510) vəfat edib.
   17 may 1873 - Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse, 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.
   17 may 1904 - Fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. Polis komissarı Jül Meqredən bəhs edən filmlərdə baş rolu oynayıb. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.
   
   18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). UNESCO yanında Beynəlxalq Muzey Şurasının (İnternational Council of Museums - ICOM) 1977-ci ilin mayında SSRİ-də (Moskva və Leninqrad) keçirilən konfransında sovet nümayəndə heyətinin təşəbbüsü ilə təsis olunub.
   18 may 1048 - Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri, 1048 - 4.12.1131) anadan olub.
   18 may 1872 - İngilis filosofu, riyaziyyatçı xadim Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub. “Rasionalizm və humanizmin ən parlaq nümayəndələrindən biri” kimi ədəbiyyat üzrə Nobel mükafatına (1950) layiq görülüb.
   18 may 1936 - Görkəmli qazax şairi, ədəbiyyatşünas, ictimai xadim Oljas Süleymenov anadan olub. Qədim türk tarixindən bəhs edən “AziYa” kitabı ilə məşhurlaşıb. 2002-ci ildən Qazaxıstanın UNESCO-da daimi nümayəndəsidir.
   
   19 may 1762 - Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.
   19 may 1946 - İtaliya aktyoru Mikele Plaçido (Michele Placido) anadan olub. «Sprut» teleserialı (komissar Kattani) ilə şöhrət qazanıb.
   
   Hazırladı: Vüqar Orxan