Azərbaycan
   
   16 iyul 1913 - Xalq artisti, müğənni Mirzə Babayev (1913 - 13.1.2003) anadan olub. İfa etdiyi “Uzaq, yaşıl ada”, “Liman”, “Saçlarına gül düzüm” və s. mahnılar bu gün də sevilir. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 20-dən çox filmdə (“Telefonçu qız” - Qulam, “Qaraca qız” - Səlim bəy, “Dərviş Parisi partladır” - dərviş Məstəli şah, “Bəyin oğurlanması” - Amanoğlu) maraqlı rollar oynayıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.
   16 iyul 1934 - Azərbaycanın Əməkdar memarı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rasim Həsən oğlu Əliyev anadan olub. Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. “Xalqlar dostluğu” metro stansiyasının, bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ömər Eldarovla birlikdə) layihələrinin müəllifidir.
   16 iyul 1958 - Tanınmış aktyor, Xalq artisti İlham Təvəkkul oğlu Əsgərov Masallı rayonunun Xoşcobanlı kəndində doğulub. “Doğma sahillər”, “Biz qayıdacağıq” filmlərində, “Sarıköynəklə Valehin nağılı”, “Fatehlərin divanı” və s. televiziya tamaşalarında çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   
   17 iyul 1487 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487-23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də qəflətən vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
   17 iyul 1898 - Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898-1976, Ankara) Bakıda anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak edib. 1923-cü ildə həbs edilib, 10 ildən çox həbs və sürgün həyatı yaşadıqdan sonra mühacirətə gedib. 1960-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib.
   17 iyul 1926 - Tanınmış pedaqoq, professor Hüseyn Mustafa oğlu Əhmədov Göyçə mahalının Toxluca kəndində anadan olub.
   17 iyul 1939 - Aktrisa Zemfira Sadıqova anadan olub. “Dəli Kür” (Mələk), “Tütək səsi” (Xədicə) “Torpaq. Dəniz. Od. Səma” (Leyla), “Bağ mövsümü” (Ağabacı) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   17 iyul 1945 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Timuçin İlyas oğlu Əfəndiyev anadan olub. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. "Şöhrət” ordeni (2005) ilə təltif olunub. Kitabları: “Rus dramaturgiyası və Azərbaycan teatrı”, “Hüseyn Cavidin ideyalar aləmi”, “Azərbaycan teatr tarixi”, “Mədəniyyətdə tarixilik və müasirlik” və s.
   17 iyul 1953 - Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov (1953-15.4.2010) Balakən rayonunda doğulub. Teatr və televiziya (“Evləri köndələn yar”, "Yaşıl eynəkli adam", “Nigarançılıq”, “Yarımştat”) tamaşalarında maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, "Anlamaq istəyirəm", “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.
   17 iyul 2001 - Görkəmli tarixçi alim, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 - 2001) vəfat edib. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
   
   18 iyul 1018 - Böyük türk yazarı və dövlət xadimi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk, 1018-14.10. 1092) anadan olub. Səlcuq sultanları Alparslan va Məlikşahın vəziri olub, məşhur "Siyasətnamə" kitabının müəllifidir.
   18 iyul 1927 - Görkəmli heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov anadan olub. Üzeyir Hacıbəylinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin (Ömər Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltəraşların yetişməsinə töhfə verib.
   18 iyul 1932 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932-2006) Bakıda doğulub. Nizami adına Ədəbiyyat İnstitutunun “Nizami” şöbəsinə rəhbərlik edib. Kitabları: "Azərbaycan epik şeirinin inkişaf yolları", "Klassik Azərbaycan poeziyasında qəzəl", "Məhəmməd Füzuli", "Nizaminin poeziya sələfləri" və s.
   
   Dünya
   
   16 iyul 1486 - İntibah dövrünün italyan rəssamı Andrea del Sarto (Andrea del Sarto, 1486-1531) anadan olub.
   16 iyul 1723 - İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.
   16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers - əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.
   16 iyul 1928 - Rus şairi Andey Dementyev anadan olub. Bir çox populyar mahnıların (o cümlədən Polad Bülbüloğlunun “Dostlar”, “Mən insanlarda yalana nifrət edirəm” mahnıları) sözlərinin müəllifidir.
   
   17 iyul 1797 - Fransız rəssamı, tarixi naturalist rəngkarlığın banisi Pol (İppolit) Delaroş (Hippolyte (Paul) Delaroche, 1797- 1856) anadan olub.
   17 iyul 1888 - İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1966) laureatı Samuel Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.
   17 iyul 1889 - Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın (o cümlədən vəkil Perri Meysonun baş qəhrəman olduğu 80-dək əsər) müəllifidir.
   
   18 iyul 1610 - Dahi italyan rəssamı, Avropa realist rəngkarlığının banisi, barokko üslubunun parlaq nümayəndəsi Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
   18 iyul 1811 - İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.
   18 iyul 1900 - Rus əsilli fransız yazıçısı Natali Sarrot (Nathalie Sarraute - Nataliya İvanovna Çernyak; 1900-1999) anadan olub. “Naməlum şəxsin portreti”, “Martero”, “Həyat və ölüm arasında” və s. romanların müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan