Ötən əsrin otuzuncu illərində minlərlə ziyalı soydaşımız sovet repressiyasının qurbanı olub. Saxta ittihamlarla həbs edilərək Sibirə sürgün olunan, ağır işgəncələr altında dünyasını dəyişən ziyalılarımızdan biri də tanınmış ədib, vəkil Mustafa bəy Əlibəyov olub.
   
   Mustafa bəy Əlibəyov 1872-ci ildə Nuxa (Şəki) şəhərində doğulub. Atası Cabbar bəy dövrünün hörmətli ziyalısı olub. O, oğluna yaxşı təhsil vermək məqsədilə əvvəlcə onu molla məktəbinə qoyur. Mustafa ərəb, fars dillərini mükəmməl mənimsəyir. Sonra mədrəsə təhsili alır. Daha sonra rus-tatar məktəbində oxuyur. Ardınca təhsilini Bakı və Tiflisdə davam etdirir. Həmin illər ərzində o, rus və fransız dillərini də öyrənir. 20 yaşında Bakı Şəhər Məhkəməsində tərcüməçi kimi işə düzəlir, eyni zamanda vəkil kimi fəaliyyət göstərir.
   İxtisasca hüquqşünas olsa da, ədəbi yaradıcılıqla da məşğul olur, tədricən nasir, publisist və yazıçı-dramaturq kimi ədəbi ictimaiyyətdə tanınır. Eyni zamanda, “Nicat” xeyriyyə cəmiyyətində fəaliyyət göstərir.
   Böyük ədib Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında (1911) Mustafa bəy haqqında dərc etdiyi məqalədə yazır: “Ədəbiyyatımızın görkəmli nümayəndəsi və məşhur vəkil Mustafa bəy Əlibəyov dəfələrlə Qorki ilə Andreyev arasındakı mübahisələri həll edib. Tolstoya əxlaq haqqında moizə oxuyub...”
   Onu da qeyd edək ki, həmin ərəfədə Mustafa bəy Əlibəyov Azərbaycanın ilk ziyalı xanımlarından olan Xədicə xanım Ələddin qızı ilə tanış olur və onlar ailə qururlar.
   Xədicə xanım Tiflisdə rus qız gimnaziyasında oxuyub. Sonra Zaqafqaziya Olqinskaya Mamalıq İnstitutunda ali təhsil alıb...
   Mustafa bəy həyat yoldaşı Xədicə xanımla birlikdə Azərbaycanda ilk dəfə “İşıq” adlı qadın məcmuəsi nəşr etdirir. Yazıların bir qismi rus dilində dərc edilən nəşrin ziyası başqa şəhərlərə də yayılır, məcmuəni Tiflis, Moskva, İrəvan və Kiyevdə də oxuyurlar. Nəşr fəaliyyətini dayandırdıqdan sonra Mustafa bəy ailəsi ilə Şəkiyə köçür.
   Araşdırıcı Fərrux Ağasıbəyli “Vəkil Mustafa bəy Əlibəyov” adlı monoqrafiyasında ona hörmət qazandıran bir çox əməllərdən söz açır. Onlardan biri onun Şəkidə xalqın ”Yaşıllıq səltənəti” adlandırdığı “Mustafa bəyin bağı” adlı həmişəyaşar gözəl guşə olub. Mustafa bəyin öz əli ilə əkdiyi alma ağacları bu günə kimi durur. Bağ Şəkinin “Yuxarı bağ” deyilən dağlıq hissəsində yerləşir. Sovetlər dövründə bağın hasarları sökülərək meşələrə qatılır. Amma xalq indiyə kimi həmin yerin əsl tarixini unutmayıb. O ərazi uzun illər baxımsız qalsa da, bir kolun, bir ağacın budağına belə toxunulmayıb. Şəkililər bilib ki, bu bağ Mustafa bəyin əməyinin bəhrəsi olub. Deyilənə görə, vaxtilə dərənin o tayında çətin bir yerdə salınan bu bağa getmək üçün körpü də olmayıb. O, öz zəhməti ilə bağa su və yol çəkdirir...
   Mustafa bəy Əlibəyov 1920-ci ildən 1937-ci ilədək Şəkidə yaşayıb. Onun repressiya qurbanları siyahısına düşməsinin başlıca səbəbi vətəninə və millətinə olan dərin sevgisi olub. “Xalq düşməni” ittihamı ilə həbs edilərək Sibirə sürgün olunan Mustafa bəy 1945-ci ildə, 71 yaşında dünyasını dəyişib. Həyat yoldaşı Xədicə xanım isə uzun illər Şəkidə ginekoloq işlədikdən sonra ömrünün sonuna yaxın Bakıya köçüb və 1961-ci ildə vəfat edib.
   
   Savalan Fərəcov