Azərbaycan
   
   23 iyul 1883 - Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Tofiq - Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 - 8.5.1912) anadan olub. Əsərləri: “Türk ədəbiyyatına bir nəzər”, “Ədəbiyyat məcmuəsi” və s.
   23 iyul 1916 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə (1916 - 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.
   23 iyul 1941 - Tanınmış müğənni, Xalq artisti Flora Ələkbər qızı Kərimova anadan olub. Bir çox bəstəkar mahnıları onun ifasında populyarlıq qazanıb. “Qanun naminə" (1968) filmində (Züleyxa) çəkilib. “Alma almaya bənzər”, “Gün keçdi”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərdə, televiziya tamaşalarında (“Səni axtarıram”) mahnıların ifaçısı olub.
   23 iyul 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun mərkəzini, Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edib. Sonrakı günlərdə düşmən rayonun üçdə ikisini (1093 kv. km) işğal etdi. Ağdam Dağlıq Qarabağ ətrafında ən böyük rayondur (əhalisi 160 min nəfər) və onun işğalından dərhal sonra ermənilərin Füzuli-Cəbrayıl istiqamətində hücumu başlandı.
   23 iyul 2011 - Tanınmış xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev (1942, Cəlilabad -23.7.2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İfa etdiyi muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları”, “Gülə-gülə” və s.) televiziya və radionun “qızıl fond”unda saxlanılır.
   
   25 iyul 1935 - Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.
   25 iyul 1935 - Şair, publisist Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.
   
   Dünya
   
   23 iyul 1884 - Alman aktyoru, «Oskar» mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.
   23 iyul 1888 - Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Detektiv Filip Marlounun baş qəhrəman olduğu romanların müəllifidir. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.
   23 iyul 1915 - Rus şairi, bir çox populyar mahnıların sözlərinin müəllifi Mixail Matusovski (1915-1990) anadan olub.
   
   24 iyul 1802 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 - 5.12.1870) anadan olub. Əsərləri: "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq", “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.
   24 iyul 1803 - Görkəmli fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan, 1803-1856) anadan olub. «Jizel» və «Korsar» baletlərinin müəllifidir.
   24 iyul 1828 - Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (romanı), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.
   24 iyul 1857 - Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1917) laureatı Henrik Pontoppidan (1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.
   24 iyul 1931 - İtalyan rejissoru Ermano Olmi anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann kinofestivalının qalibi, 1978), “Müqəddəs işçi düşkünü haqqında əfsanə” (Venesiya kinofestivalının qalibi, 1988) və s.
   
   25 iyul 1905 - Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1981) laureatı Elias Kanetti (1905-1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. F.Kafkanın ənənələrini davam etdirərək dünyanın absurdluğundan bəhs edən əsərlər yazıb: “Göz qamaşma” romanı (Nobel mükafatı), “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.
   25 iyul 1929 - Rus yazıçısı, rejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 - 2.10.1974) anadan olub. “Sizə azadlıq verməyə gəlmişəm” romanının, hekayələrin müəllifidir. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı Kalina” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rolun ifaçısı), “Ağaclar böyük olanda”, “Komissar” (aktyor).
   25 iyul 1980 - Məşhur rus bard müğənnisi, şair, bəstəkar, aktyor Vladimir Semyonoviç Vısotski (25.1.1938 - 1980) vəfat edib. 1987-ci ildə o, “Görüş yerini dəyişmək olmaz” filmindəki Qleb Jeqlov roluna görə SSRİ Dövlət mükafatına (ölümündən sonra) layiq görülüb. 
   
   Hazırladı: Vüqar Orxan