Azərbaycan
   
   5 iyul 1851 - Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851-18.10. 1894) İrəvanda anadan olub. "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax"ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı olub.
   5 iyul 2002 - Prezident Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanı ilə qurum Diasporla İş üzrə Dövlət Komitəsi adlanır.
   
   6 iyul 1918 - Yazıçı-tərcüməçi Şəfiqə Ağayeva (1918-1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının (A.P.Çexov, M.Prilejayeva, K.Komarovski, Y.Koşevaya və s.) uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.
   
   7 iyul 1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova anadan olub. Rus və Azərbaycan dilində yazdığı elmi-fantastik əsərləri xarici ölkələrdə çap olunub. Əsərləri: "Yeraltı dünya", "Həyat naminə. Qarabağ - xoşbəxtlik və kədərim", “Vaxtdır, qardaşım” və s.
   
   8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, akademik Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 - 10.4. 1979) Şəkidə doğulub. 1946-cı ildən Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin, dərsliklərin müəllifidir. Azərbaycanın Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı olub.
   
   Dünya
   
   5 iyul 1841 - İngilis səyahətçisi və iş adamı Tomas Kuk (Thomas Cook; 1808-1892) ilk turist agentliyini açıb. Dünyada mütəşəkkil turzmin başlanması bu tarixdən hesablanır. Tomas Kukun yaratdığı firma “Thomas Cook Group” adı altında indi də fəaliyyət göstərir.
   5 iyul 1812 - İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.
   5 iyul 1889 - Fransız yazıçısı, rəssam, rejissor, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. Dadaizm və sürrealizm üslubunda şeirlər yazıb. "Əllamə Toma", "Ədəbsiz uşaqlar" romanlarının, "Antiqona", "Orfey" pyeslərinin müəllifi, "Orfey" və "Orfeyin vəsiyyəti" filmlərinin rejissorudur.
   5 iyul 1901 - SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Vladimiroviç Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.
   
   6 iyul 1859 - İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1916) laureatı Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.
   6 iyul 1865 - İsveçrə bəstəkarı Emil Dalkroz (Emile Jaques-Dalcroze, 1865-1950) anadan olub.
   6 iyul 1887 - Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç, 1887-1985) Vitebskdə (Belarus) anadan olub. 1923-cü ildə Fransaya mühacirət edib. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.
   6 iyul 1893 - Fransız yazıçısı Gi de Mopassan (Henry-Rene-Albert-Guy de Maupassant ; 1850-1893) vəfat edib. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” (roman), “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” (novella) və s.
   6 iyul 1927 - Amerika aktrisası Canet Li (Janet Leigh - Jeanette Helen Morrison;1927-2004) anadan olub.
   6 iyul 1943 - SSRİ Xalq artisti, Rusiyanın məşhur opera müğənnisi Tamara Sinyavskaya anadan olub. Dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin (1942-2008) həyat yoldaşı olub.
   6 iyul 1946 - Amerika aktyoru, prodüser Silvestr Stallone (Sylvester Gardenzio Stallone) anadan olub. Filmləri: “Rembo”, “Rokki”, “Kobra”, “Tanqo və Keş”, “Dağıdıcı”, “Mütəxəssis”, “Qisas mələyi” və s.
   
   7 iyul 1860 - Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler, 1860-1911) anadan olub.
   7 iyul 1882 - Belarus ədəbiyyatının görkəmli nümayəndəsi, şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.
   7 iyul 1884 - Yəhudi əsilli məşhur alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger, 1884-1958) anadan olub. «Qoyya», «İspan balladası», «Lautenzak qardaşları» və s. tarixi romanların müəllifidir.
   7 iyul 1899 - Amerika kinorejissoru Corc Kyukor (George Dewey Cukor; 1899-1983) anadan olub. Filmləri: “Adəmin qabırğası”, “Romeo və Cülyetta”, “Mənim gözəl ledim” - 1964, “Oskar”) və s.
   7 iyul 1901 - İtalyan aktyoru, kinorejissor, 4 dəfə «Oskar» mükafatının laureatı Vittorio De Sika (Vittorio De Sica, 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayaq nikah” və s.
   7 iyul 1907 - Amerika fantast-yazıçısı Robert Enson Haynlayn (Robert Anson Heinlein; 1907-1988) anadan olub. Artur Klark və Ayzek Azimovla birlikdə fantast-yazıçıların “Böyük üçlüyü”nə daxildir.
   7 iyul 1943 - Məşhur italyan müğənnisi və bəstəkarı Toto Kutunyo (Salvatore (Toto) Cutugno) anadan olub.
   
   8 iyul 1621 - Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine, 1621-1695) anadan olub. Antik dövr yazarlarının (Ezop, Fedra və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb. Lafontenin ”Qarğa və tülkü”, “Qurd və quzu”, “Qarışqa və cırcırama” və s. təmsilləri sonralar rus şairi İvan Krılov (1769-1844) tərəfindən təbdil və tərcümə edilərək təqdim olunub.
   8 iyul 1892 - İngilis yazıçısı Riçard Oldinqton (Richard Aldington; 1892-1962) anadan olub. Əsərləri: “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndir” və s.
   8 iyul 1938 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Andrey Vasilyeviç Myaqkov anadan olub. «Xoş təsadüf və ya həmişə təmizlikdə» (Lukaşin), «İşdə məhəbbət macərası» (Novoselsev), «Qaraj» (Xvostov) və s. filmlərdə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan