Azərbaycan
   
   28 iyun 1842 - Görkəmli maarifçi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan müəllimlərinin birinci qurultayının sədri (1906) olub.
   28 iyun 1914 - Xalq artisti, məşhur teatr və kino aktrisası Barat Şəkinskaya (1914 - 14.1.1999) Şuşada anadan olub. 1935-ci ildən etibarən Akademik Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   28 iyun 1925 - Xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədov (1925-7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan”, “Evlənmək istəyirəm” filmlərində, teatr tamaşalarında musiqi nömrələrini ifa edib.
   28 iyun 1935 - Xalq artisti, rejissor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. Sumqayıt Dram Teatrında direktor, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Milli Dram teatrlarında rejissor, quruluşçu rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. “Yük” bədii filmində (Hacı Zeynalabdin Tağıyev) çəkilib.
   
   29 iyun 1913 - Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 - 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (F.Şillerin «Məkr və məhəbbət», A.Çexovun «Vanya dayı», «Albalı bağı» pyesləri, E.Voyniçin «Ovod» romanı, A.Puşkinin, M.Lermontovun, T.Şevçenkonun şeirləri) Azərbaycan dilinə çevirib.
   29 iyun 1944 - Tanınmış şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində doğulub. Ümumittifaq poeziya müsabiqəsinin qalibi kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına layiq görülüb. Rus dilindən ədəbi tərcümələrin müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə olunub. Kitabları: “Soraqlar sevgi məni”, “Alnından ay doğan adam”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Çərçivə” (“Kitab sənəti” VII Beynəlxalq müsabiqəsinin baş mükafatına layiq görülüb) və s. MDB ölkələri “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının həmsədri, Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat sektorunun müdiridir.
   
   30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Əslən Krım tatarı olan A.Refatov tanınmış bəstəkar idi. Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, 1931-ci ildə təhsil ocağının prorektoru təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il sədrlik etdi, 1937-ci ildə repressiya olundu.
   30 iyun 1952 - Yazıçı-dramaturq, filosof, tərcüməçi Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) anadan olub. 30-dan çox pyesin ("Ayı təbəssümü", “Zaman”, “Tələ”, “Pələng ili”, "Musiqili məktublar" və s.), povest və romanların ("At günü", "Dəniz köçü", “Teatr meydanı”) müəllifidir. Rus dilindən tərcümələr edir.
   
   1 iyul 1925 - Ədəbiyyatşünas alim, tərcüməçi Pənah İmran oğlu Xəlilov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub.
   1 iyul 1926 - Bakıda "Komsomol" adlı aylıq ədəbi, siyasi və elmi jurnalın 1-ci sayı çapdan çıxıb.
   1 iyul 1948 - Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev anadan olub.
   
   Dünya
   
   28 iyun 1577 - Görkəmli Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.
   28 iyun 1712 - Fransız yazıçı və mütəfəkiri, musiqişünas, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanlarının, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəlifidir.
   28 iyun 1867 - İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1934) laureatı Luici Pirandello (Luigi Pirandello, 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” romanları, “Liola”, “Hər kəs özünə görə”, “IV Henrix” və s. pyeslər.
   28 iyun 1871 - Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (1871-1944) anadan olub. “Təsərrüfatın fəlsəfəsi”, “Adın fəlsəfəsi”, “Fəlsəfənin faciəsi” və s. əsərlərin müəllifidir.
   
   29 iyun 1798 - İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.
   29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qala” romanları və s. əsərlərin müəllifidir.
   
   30 iyun 1884 - Fransız yazıçı-dramaturqu, şair, ədəbiyyatşünas Jorj Düamel (Georges Duhamel; 1884-1966) anadan olub. “Tərk edilmişlər”, “Gecəyarısı etiraf”, “Salavenin gündəliyi” romanları və s. əsərlərin müəllifidir.
   30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1980) laureatı Çeslav Miloş (Czeslaw Milosz, 1911-2004) anadan olub.
   30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub. “Mən yaşamaq istəyirəm” filmində roluna görə “Oskar” mükafatı (1958) alıb.
   
   1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz, 1646-1716) anadan olub.
   1 iyul 1751 - Fransız maarifçiləri Deni Didro və Jan Leron D’Alamber tərəfindən hazırlanan və dünya mədəniyyəti tarixində mühüm hadisə sayılan «Ensiklopediya» («Elm, incəsənət və sənətlərin izahlı lüğəti») kitabının ilk cildi çapdan çıxıb.
   1 iyul 1804 - Fransız yazıçısı Jorj Sand (əsl adı Amandina Avrora Düpen) - (George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil; 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Leliya”, “Konsuelo” və s.
   1 iyul 1902 - Amerika rejissoru, prodüser Uilyam Uayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.
   1 iyul 1909 - Məşhur gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda anadan olub. “Keto və Kote”, “Əsgər atası” (Georgi Maxaraşvili) və s. filmlərdə çəkilib.
   1 iyul 1934 - Amerika aktyoru və kinorejissoru Sidni Pollak (Sydney Irwin Pollack; 1934-2008) anadan olub. Filmləri: “Yakudza”, “Afrikadan” (“Oskar” mükafatı), “Sabrina”, “Tutsi” (“Oskar” mükafatı) və s.

   Hazırladı: Vüqar Orxan