Milli Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivinin yaradılmasından 45 il ötdü. Arxiv respublika Nazirlər Sovetinin 1968-ci il 5 aprel tarixli qərarı ilə qiymətli fono materialların (səs yazıları) toplanıb mühafizə edilməsi məqsədilə təşkil olunub. Arxivin direktoru Yaqub Mədətovu sözün gerçək mənasında öz işinin fanatı saymaq olar: arxiv yaranandan burada çalışır, ömrünü fədakarcasına bu işə həsr edib.
   
   Yaqub müəllim bildirir ki, arxiv yarandığı vaxtdan ölkəmizin ictimai, siyasi, mədəni həyatını əks etdirən səs və video yazılarını toplayıb saxlamaqla məşğuldur: «Dövlət Səs Yazıları Arxivi Respublika Milli Arxiv İdarəsinin tərkibinə daxil olan 6 dövlət arxivi arasında ən gəncidir, MDB məkanında ikinci belə arxivdir (ilk arxiv 1967-ci ildə Rusiyada təşkil edilib). Səs yazıları ötən əsrin əvvəlindən bu günə kimi olan dövrü əhatə edir. Mühafizəxanalara, iş otaqlarına nəzər yetirdikcə köhnə qrammofon vallarının, karton qutularda səliqə ilə saxlanılan fotosənədlərin, videoyazıların, qədim musiqi qutusu, patefon, qrammofon, əsrimizin son nailiyyətləri olan audio və video cihazlarının - bir sözlə, dünənlə bu günü qovuşduran bu ecazkar səs xəzinəsinin sehrinə düşürsən. Bu xəzinədə neçə-neçə görkəmli şəxsin səsi, nəfəsi var”.
   Arxivin ən qədim sənədi XIX əsrin ikinci yarısına aiddir. Bərk sıxılmış deşikli kartondan olan bu val «Herafon» adlı cihazda səsləndirilir. Valın kənarında rus dilində mürəkkəblə Ştrausun «Qaraçı baronu» və «Mazurka-polka» sözləri qeyd edilib, Mirzə Fətəli Axundzadənin dəst-xəttidir. Nadir val Şəki şəhərindən, dramaturqun ev-muzeyindən gətirilib: «Yola saldığımız yüzilliyin əvvəllərində milli musiqimizi xüsusi bir mərhələyə qaldıran, başqa xalqlara çatdıran çox istedadlı sənətkarlar fəaliyyət göstərib ki, onlardan qalan yadigarlar mədəni irsimizin əvəzsiz sərvətlərindəndir. İlk axtarışlar arxiv əməkdaşları üçün gözlənildiyindən də uğurlu oldu və qısa müddət ərzində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qrammofon valı əldə edildi. Riqa şəhərində fəaliyyət göstərən məşhur «Qrammofon», Parisin «Pete» qardaşları, Varşava şəhərindəki «Sport-Rekord», Kiyevin «Ekstrafon», Tbilisinin «Monarx-Rekord», Bakının «Qrammofon-Rekord» şirkətləri tərəfindən istehsal edilmiş qrammofon vallarında Azərbaycan musiqisinin korifeylərindən Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Ələsgər Abdullayev (Şəkili Ələsgər), Seyid Şuşinski, İslam Abdullayev, Seyid Mirbabayev, Zabul Qasım, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqalarının səsində, Mirzə Fərəc, Qurban Pirimov, Mansur Mansurov, Cəmil Əmirov kimi tarzənlərin ifasında muğam, mahnı və el havaları əbədiləşib”.
   Sayı 1500-ə qədər olan, 1901-1914-cü illərdə yazılmış belə sənət inciləri arxivin «Qızıl fondu»nun əsasını təşkil edir. Arxivin əməkdaşları uzun illərdən bəri unudulmuş bir çox sənətkarların sorağına düşərək onlardan yadigar qalan sənət incilərini tapıb üzə çıxarıblar. Məşhur xanım xanəndə Mirzə Güllər, xanəndə Aslan, Musa Səfərov, Qasım Abdullayev, Məşədi Qafar, səsi ilk vala yazılanlardan biri Əbdülqədir Cabbarov belə sənətkarlardandır. Belə tapıntılar, arxivin fondlarını zənginləşdirdiyi kimi, mədəniyyət tariximizin araşdırılmasında da xüsusi əhəmiyyət kəsb edir.
   Dini mövhumatın hökm sürdüyü bir zamanda böyük cəsarət nümunəsi göstərən qadın xanəndə Mirzə Güllərin taleyinə diqqət yetirək. Zəmanəsinin haqsızlıqları gənc qızı doğma Cavad kəndindən, ata evindən qaçmağa məcbur edir. Əyninə kişi paltarı geyərək el şənliklərində Mirzə Güllər adı ilə, sönməz bir eşqlə oxuyan bu sənət fədaisinin səsi sonralar Şamaxı, Gəncə, İrəvan və başqa şəhərlərdən gəlir. Artıq xeyli məşhur olan Mirzə Güllər Kiyevə dəvət edilir və 1914-cü ildə «Monark-Rekord» studiyasında onun ifasında «Mirzə Hüseyn Segahı», «Bayatı-Şiraz» muğamları, «Yeri, dam üstə, yeri» və başqa el havaları qrammofon valına yazılır: “Təəssüf ki, axtarışlarımız zamanı onun yalnız bir valını tapa bildik. Onu şənliklərdə, toyda-mağarda görənlərin bir neçəsi ilə söhbətləşdik və xeyli məlumat əldə etdik. Sonralar Xalq yazıçısı Əzizə Cəfərzadə xanəndənin kəşməkəşli həyatından bəhs edən «Bir səsin faciəsi» romanını yazdı».
   O dövrün mühüm hadisələrindən biri də səhnə əsərlərinin qrammofon valına yazılması idi: «1914-cü ildə Varşavanın «Sport-Rekord» şirkəti Zülfüqar Hacıbəylinin «Əlli yaşında cavan» və «Evliykən subay» əsərlərindən parçaları görkəmli səhnə ustası Hacıağa Abbasovun ifasında vala yazıb. «Əlli yaşında cavan» əsəri beş, «Evliykən subay» əsəri isə iki valdan ibarətdir və arxivin nadir fono sənədləri kimi qorunub saxlanılır”.
   Direktorun bildirdiyinə görə, Azərbaycan teatr tarixi və onun ilk yaradıcılarına dair səs və video yazıları arxiv fondlarında xüsusi yer tutur. Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Fatma Qədri, Ağadadaş Qurbanov, Ülvi Rəcəb, Hökümə Qurbanova, Kazım Ziya, Hacıağa Abbasov, Ağasadıq Gəraybəyli və daha neçə-neçə ölməz sənətkarlarımızın səsi arxivin nadir incilərindəndir.
   Arxivin fondlarında «Ədəbiyyat» bölməsi daha zəngindir. Burada Güney Azərbaycan və Türkiyə mədəni-ədəbi mühitinə dair qiymətli səs yazıları mühüm əhəmiyyət kəsb edir. Arxivdə Güney Azərbaycan və Türkiyə aşıqlarının da xeyli audio-video yazıları qorunur.
   Son illərin məlum hadisələri ilə əlaqədar olaraq «Qanlı Yanvar», «Köçkünlər», «Qarabağ hadisələri» kimi fondlar da yaradılıb. Burada ermənilərin Qarabağla bağlı iddialarının əsassızlığını sübut edən maraqlı səs sənədləri var. 1973-cü ildə DQMV-nin 50 illiyinə həsr edilmiş təntənəli yığıncağın lent yazısına qulaq assaq, Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu və ermənilərin buraya köçüb gələndən sonra xoşbəxt yaşadıqlarını onların öz dilindən eşidə bilərik.
   Yaqub Mədətov deyir ki, Dövlət Səs Yazıları Arxivi öz profilinə görə ölkəmizdə yeganə elmi-metodiki mərkəzdir: “Səs yazıları qiymətli tarixi mənbə, geniş dinləyici kütləsinə təsiretmə dərəcəsinə görə əvəzsiz təbliğat materialıdır. Səs yazılarına tələbat gündən-günə artır və onlardan istifadə genişlənir. Arxivin audio-video materiallarından radio və televiziya verilişlərində, kinofilmlərin çəkilişində, müxtəlif yığıncaq və bayram tədbirlərində, xatirə və yaradıcılıq gecələrində, elmi işlərdə, muzey sərgilərində və sair tədbirlərdə istifadə edilir. Arxivin fondlarını yeni sənədlər hesabına zənginləşdirmək işin bir tərəfidir. Əsas və vacib məsələ isə onların mühafizəsini təmin etməkdir. Əgər qoruyub saxlaya bilmirsənsə, onu toplamağın heç bir mənası yoxdur”.
   Elə bu məqsədlə də sənədlərin mühafizəsi yönündə bir sıra tədbirlər həyata keçirilir. Milli Arxiv İdarəsinin dəstəyi ilə fono-video sənədlər xüsusi proqramla rəqəmsal formata köçürülür: “Respublika arxiv sistemində ilk olaraq bu çox gərəkli işə biz başlamışıq və hazırda arxivdə mühafizə edilən 50 minə qədər fono sənədin və 20 mindən artıq video süjetin təxminən 40 faizi rəqəmsal formatda CD və DVD disklərinə köçürülüb. Məqsədimiz yaxın bir neçə il ərzində tam elektron arxiv yaratmaqdır”.
   
   Elçin Qaliboğlu